İsrail hərbi hava qüvvələri Qəzza zolağına zərbə endirib
27 Mart 2011 Bazar 15:59
2 fələstinli ölüb, 1-i yaralanıb
İordan çayının qərb sahilində yenidən gərginlik yaşanıb. Bu səhər İsrail hərbi hava qüvvələrinə məxsus təyyarələr Qəzza zolağına zərbə endirib. Nəticədə 2 fələstinli həlak olub, 1 nəfər isə yaralanıb. Bu barədə Qəzza səhiyyə qurumları məlumat verib. Ölənlərin və yaralının şəxsiyyəti barədə məlumat verilməsə də, onların döyüşçü olduğu ehtimal edilir.
İsrail tərəfi hələ ki, insidentlə bağlı heç bir şərh verməyib. Qeyd edək ki, İsrail dəfələrlə Qəzza zolağına endirilmiş zərbələrin dinc sakinlərə deyil, İsrail tərəfə raket atmağa hazırlaşan döyüşçülərə yönəldiyini bəyan edib.
İsrailin baş naziri Benyamin Netanyahu İsrail Nazirlər Kabinetinin həftəlik iclasında regionda təhlükəsizlik üçün təhlükə törədənlərə qarşı amansız olacaqlarını bildirib.
"Son iki həftə ərzində regionda son iki ildə əldə olunan sakitlik və təhlükəsizliyə xələl gətirmək cəhdləri olub. Biz, təbii ki, vəziyyətin pisləşməsində deyil, sakitlik və təhlükəsizliyin qorunub saxlanılmasında maraqlıyıq, lakin vətəndaşlarımıza zərər yetirənlərə qarşı güc tətbiq etməyə bir an belə tərəddüd etməyəcəyik. Öz vətəndaşlarımıza hücum edənlərə qarşı dözüm nümayiş etdirməyəcəyik. Bu, İsrail hökumətinin siyasətidir, hər bir hökmətin siyasəti budur. Hər bir dövlətin öz vətəndaşlarını qorumaq hüququ və vəzifəsi var", - Benyamin Netanyahu belə deyib.
Qeyd edək ki, Qəzza zolağında son vaxtlar gərginliyin yenidən artması İsraili öz ordusunu yeniləməyə və 200 milyon dollar dəyərində raket-əleyhinə müdafiə sistemləri almağa vadar edib. Sistem bu gün İsrailin cənubundakı ən böyük şəhər olan Beerşebada fəaliyyətə başlamalıdır. Daha bir raket-əleyhinə müdafiə sisteminin isə Aşdod şəhərində işə salınması planlaşdırılır.
DOSTLARINLA PAYLAŞ: