İsrail aviasiyası fələstinli qaçqınların düşərgəsini bombaladı
20 Avqust 2011 Şənbə 02:27
Son 24 saat ərzində qətlə yetirilmiş fələstinlilərin sayı 12 nəfərə çatıb
İsrail Hərbi Hava Qüvvələri ötən gün Qəzza bölgəsinin mərkəzində “Əl Büreyc” qaçqın düşərgəsinə zərbə endirib. “Əl Qüds” radiostansiyasının məlumatına görə, hadisə nəticəsində iki nəfər ölüb. Məlumata görə, ölənlərin şəxsiyyəti dəqiqləşdirilməsə də, onların “İslami cihad” hərəkatının hərbi qanadı olan “Əl Qüds” briqadasının üzvü olduqları güman edilir.

Ötən gün daha əvvəl İsrail aviasiyasının zərbələri nəticəsində “Xalq müqaviməti komitəsi” qruplaşmasının iki üzvü öldürülmüşdü.

Ümumiyyətlə, son 24 saat ərzində qətlə yetirilmiş fələstinlilərin sayı 12 nəfərə çatıb. Onlardan 2-si uşaqdır. Fələstin KİV-inin məlumatına görə, ötən gün səhər saatlarından İsrailə məxsus hərbi təyyarələr Qəzza bölgəsinin müxtəlif hissələrindəki 13 obyektə hücum ediblər.

İsrail mənbələri isə iddia edir ki, Qəzzadakı hava zərbələri bir gün əvvəl Eylat kurort şəhərində törədilmiş ardıcıl terror aktlarına cavabdır. İsrail-Misir sərhədində bir qrup silahlı reys avtobuslarını atəşə tutub. Məlumata görə, 8 nəfər ölüb, onlarla adam yaralnıb. Hücum edənlərin bir neçəsi İsrail xüsusi xidmət orqanları tərəfindən zərərsizləşdirilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar