İsmayıllıda qətl törədən Rusiya vətəndaşı yaxalanıb
03 Avqust 2010 Çərşənbə Axşamı 17:00
28 yaşlı təqsirləndirilən tanışını çay daşı ilə öldürüb.
Baş Prokurorluğun mətbuat xidməti ötən gün İsmayıllı rayonunda mbaş verən qətl hadisəsi ilə bağlı məlumat yayıb. Məlumatda bildirilir ki, avqustun 2-də saat 14:30 radələrində rayonun Sumağallı və Qalacıq kəndlərini birləşdirən yolun kənarında üzərində zorakılıq əlamətləri olan kişi meyitinin aşkar edilməsi ilə əlaqədar rayon Polis Şöbəsindən daxil olmuş məlumat əsasında rayon prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə foto çəkilişlər aparılmaqla baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülüb və digər zəruri istintaq hərəkətləri həyata keçirilib. İlkin araşdırmalarla meyitin Sumağallı kənd sakini, 1959-cu il təvəllüdlü Qaytaqov Eldar Məcid oğluna məxsus olması müəyyənləşdirilib.
Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanmış və iş üzrə müvafiq ekspertizalar təyin olunub.
Rayon prokurorluğu və rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin törədilməsində şübhəli bilinən 1972-ci ildə Sumağallı kəndində anadan olmuş, Rusiya Federasiyası vətəndaşı Mirzəyev Hikmət Saday oğlu həmin gün saat 21:00 radələrində Sumağallı kəndi ərazisində tutulub. H.Mirzəyev şübhəli şəxs qismində dindirilərkən törətdiyi cinayət əməlini etiraf etməklə hadisəni şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı törətdiyini bildirib. O, ifadəsində avqustun 1-də saat 18:30 radələrində həmkəndliləri və E.Qaytaqovla birlikdə Sumağallı kəndi yaxınlığında Göyçay çayının sahilində meşəlik ərazidə yeyib-içərkən sonuncu ilə aralarında mübahisə baş verdiyini və həmin ərazidən çıxaraq yaşadıqları kəndə tərəf gedən yolun kənarında E.Qaytaqovla rastlaşan zaman çay daşı ilə onun baş nahiyyəsindən bir neçə zərbə vurmaqla öldürdüyünü və hadisə yerindən qaçdığını göstərib.
Hazırda iş üzrə istintaq rayon prokurorluğunda davam etdirilir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: