Bakıda soyğunçuluq və quldurluqla məşğul olan şəxs tutulub. Bakı Şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsinin 6-cı və 7-ci bolməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluqda və quldurluqda şübhəli bilinən Şabran rayon sakini Ceyhun Orucov iyunun 20-də tutularaq istintaqa təhvil verilib.
Aparılmış istintaq zamanı məlum olub ki, o, fevralın 14-ü 2009-cu il tarixdə Biləcəri qəsəbəsində yaşayan Günel Əhmədovanın evinə açıq qapıdan daxil olmaqla, hədə-qorxu gələrək pul və qızıl-zinət əşyalarını tələb edib. G. Əhmədova pul və qızıl-zinət əşyalarının olmadığını bildirdikdə isə onu döyərək qaçıb. Elə eyni gündə Biləcəri qəsəbəsi M. Aslanov küçəsində yaşayan Xatirə Mahmudovanın mənzilinə elektrik xətlərini yoxlamaq adı ilə daxil olub. Ona hədə-qorxu gələrək 400 ABŞ dolları, 80 manat və qızıl-zinət əşyalarını alıb. C. Orucov daha sonralar da özünü işıq idarəsinin işçisi kimi təqdim edərək Biləcəri qəsəbəsi ərazisində bir neçə mənzilə daxil olaraq soyğunçuluq edib.
Belə ki, o, yanvarın 21-də Leyla Məmmədovanın, martın 29-da Fatma Ağayevin, aprelin 12-də Vüsalə Mikayılovanın, mayın 5-də isə Sevda Məmmədovanın mənzilindən pul, qızıl-zinət əşyaları və sonuncudan əlavə olaraq mobil telefon götürüb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır. ANSPRESS
“İşıq idarəsinin işçisi” evlərə girərək soyğunçuluq edib
“İşıq idarəsinin işçisi” evlərə girərək soyğunçuluq edib. Saxta addan istifadə edən Şabran sakini tutulub.




Şərhlər