İrəvan əsirləri qaytarmağa hazır olduğunu bəyan etdi
15 Mart 2011 Çərşənbə Axşamı 01:04
Ermənistanın Müdafiə Nazirliyi BQXK-nin İrəvan nümayəndəliyini bu barədə məlumatlandırıb
Ermənistanın Müdaifə Nazirliyi bəyan edib ki, Ermənistan və Azərbaycan prezidentləri arasında Rusiyanın dövlət başçısının vasitəsiliyi əldə etdiyi razılaşmaya yğun olaraq, əlində olan azərbaycanlı əsirləri qaytarmağa hazırdır. Nazirliyin mətbuat xidmətinin yaydığı məlumata görə, Beynəlxalq Qırmızı Xaç Komitəsinin İrəvan nümayəndəliyi bu barədə məlumatlandırılıb.

Xatırladaq ki, martın 5-də Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekununa əsasən birgə bəyanat qəbul ediblər. Sənəddə qeyd edilir ki, liderlər onların bundan əvvəl, 2010-cu il oktyabrın 27-də Həştərxanda keçirilmiş görüşü zamanı qəbul edilmiş üçtərəfli bəyanatın praktiki reallaşdırılması məsələlərini müzakirə edib və həmin bəyanatda nəzərdə tutulan tədbirlərə əlavə olaraq növbəti addımlar barədə razılığa gəliblər. Bəyanatda qeyd edilir ki, dövlət başçıları, o cümlədən “hərbi əsirlərin dəyişdirilməsini ən qısa müddətdə başa çatdırmaq” barədə razılığa gəlmişlər. Bundan əlavə, sənəddə “bütün mübahisəli məsələləri dinc vasitələrlə həll etmək və atəşkəs xətti boyunca yarana biləcək insidentləri tərəflərin iştirakı ilə ATƏT-in Minsk qrupunun həmsədrlərinin himayəsi altında, təşkilatın fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsinin köməyi ilə təhqiq etmək” istəyi vurğulanır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar