İraqda bu səhər silsilə partlayışlar törədilib
15 Avqust 2011 Bazar Ertəsi 15:44
60-dan çox adam ölüb, 120 nəfər yaralanıb
İraqda bu səhər terrorçular bir sıra partlayışlar törədib. Bir neçə şəhərdə baş vermiş partlayışlar nəticəsində 60-dan çox adam ölüb, 120 nəfər yaralanıb.
Ən qanlı terror aktı ölkənin şərqindəki Kut şəhərində baş verib. Nəqliyyatın gur saatında şəhərin mərkəzində avtomobil partladılıb. Hadisə yerinə polis əməkdaşları və təcili yardım maşınlarının gəlməsindən sonra isə ikinci partlayış törədilib. Nəticədə azı 34 nəfər ölüb, 70-dək adam yaralanıb.
Tikrit şəhərində isə 2 terrorçu-kamikadze polis əməkdaşları arasında özlərini partladıb. 4 polis əməkdaşı ölüb, 11-i yaralanıb.
Xan Bani Saad şəhərində kamikadzenin avtomobili hərbi bazaya çırpması nəticəsində baş vermiş partlayışın qurbanı isə 8 hərbçi olub. 20-dək hərbçi yaralanıb.
Bundan başqa, terrorçuların paytaxt Bağdadda, Nəcəf və Kərkük şəhərlərində də törətdiyi qanlı hücumlar nəticəsində 15 nəfər ölüb. Yaralıların sayı isə 40-dan çoxdur.
DOSTLARINLA PAYLAŞ: