İrandan Azərbaycana külli miqdarda narkotik vasitə keçirən 3 nəfər tutulub
15 Dekabr 2011 Cümə Axşamı 16:10
Saxlanılanların üzərindən 1,20 kq heroin və çoxlu psixotrop maddə tapılıb.
Dekabrın 14-də Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən 2 halda İrandan Azərbaycana külli miqdarda narkotik vasitələrin keçirilməsinin qarşısı alınıb.
APA-nın xəbərinə görə, bu barədə DSX-nin İstintaq və Təhqiqat İdarəsinin rəisi, ədliyyə polkovniki Azər İbrahimov bu gün keçirdiyi brifinqdə məlumat verib.

Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Biləsuvar rayonu ərazisindən İrandan Azərbaycana dövlət sərhədini qanunsuz olaraq keçən 2 sərhəd pozucusu saxlanılıb.

Bunlar İran İslam Respublikasının vətəndaşı, 1973-cü il təvəllüdlü Ağai Sasan Səttar oğlu və Azərbaycan vətəndaşı, Bakı şəhər sakini, 1959-cu il təvəllüdlü Həsənov Fərhad İslam oğludur.

Onların üzərlərinə baxış keçirilən zaman satış məqsədilə Azərbaycana gətirdikləri 1 kiloqram heroin və çoxlu sayda psixotrop maddələr aşkar olunub.

Bundan başqa, “Astara” sərhəd nəzarəti məntəqəsində həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində İrandan Azərbaycana rəsmi keçərkən Astara rayon sakini, 1985-ci il təvəllüdlü İbrahimov Ruslan Gülağa oğlunun üzərindən 20 qram heroin aşkar olunaraq götürülüb.

Qeyd olunan faktlar üzrə cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirlər davam etdirilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar