İranda müxalifətlə polis arasında toqquşma olub
16 Fevral 2011 Çərşənbə 14:33
Müxalifət liderləri Mehdi Kərrubi isə hakimiyyətindən qorxmadıqlarını bəyan ediblər
İranda 14 fevral aksiyalarında öldürülənlərin dəfn mərasimində müxalifət nümayəndələri ilə hökumət qüvvələri arasında toqquşma olub.

Müxalifət liderlərindən olan Mehdi Kərrubi heç bir təhdiddən qorxusu olmadığını bildirib. O, “ölkədə demokratik, sosial və siyasi dəyişikliklər uğrunda qurban verilməyə hazır olduğunu” bəyan edib. Bu barədə Kərrubi, “Sahamnews.net” internet səhifəsində yazıb.

Xatırladaq ki, İran parlmaentinin millət vəkilləri dünən Kərrubi, Musəvi və Məhəmməd Hatəminin məsuliyyətə cəlb olunması və asılması çağırışını etmişdi. Parlamentdəki 290 deputatdan 223-nün imzaladığı məktubda “İnsanların səbr kasasının dolduğu və hər kəsin Musəvi və Kərrubiyə ən ağır cəzanın verilməsini istədiyi” bildirilmişdi.

İran müxalifəti liderlərinin bir müddətdir ki, evlərində nəzarət altında saxlandığı və telefon xətlərinin kəsildiyi bildirilir.

Prezident Mahmud Əhmədinejat ölkədə baş verən müxalifət çıxışlarına öz münasibətini bildirib. Onun fikrincə, müxalifət heç bir nəticə əldə edə biləmyəcək.

“Onlar Günəşə toz atmaq istəyirlər. Kiminsə Günəşə toz atmaq istəməsi isə gülüncdür. O onların gözlərinə düşəcək. Mən bunu bəzi sadə adamlara ünvanlamıram. Mən bunu onların təşkilatçılarına və bunları hazırlayanlara ünvanlayıram. Bu toz yəqin ki, onların gözünə düşəcək”, - deyə İran prezidenti bildirib.

ABŞ prezidenti Barak Obama isə İranda dinc aksiyaların hökumət tərəfindən yatırılmasına sərt etirazını bildirib. İranın Misrdəki hadisələri dəstəklədiyni deyən Birləşmiş Ştatlar prezidenti İslam Respublikasının öz ölkəsindəki dinc aksiyalara münasibətdə əksinə hərəkət etdiyini qeyd edib.

Xatırladaq ki, fevralın 14-də İranın paytaxtı Tehranda çoxminli aksiya keçirilib. Aksiyalar Misir və Tunisdə baş verən hadisələrə dəstək məqsədilə təşkil edilib. İran polisi aksiyaları zor tətbiq edərək dağıdıb. Nəticədə 2 mitinq iştirakçısı həlak olub. Onlardan birinin tələbə qız olduğu bildirilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar