İran parlamenti Əhmədinejadın işini məhkəməyə göndərdi
01 İyun 2011 Çərşənbə 11:58
İşin məhkəməyə göndərilməsinin "lehinə" 165 nəfər, "əleyhinə", 1 nəfər səs verib, 13 nəfər isə bitərəf qalıb
İran parlamenti ölkə prezidenti Mahmud Əhmədinejadın işini məhkəmə orqanlarına göndərib. Səbəb isə onun neft nazirini işdən çıxardıqdan sonra, nazirlikdə rəhbərliyi öz əlinə almasıdır.
İranın "Mehr" informasiya agentliyinin məlumatına görə, işin məhkəməyə göndərilməsinin "lehinə" 165 nəfər, "əleyhinə", 1 nəfər səs verib. 13 nəfər isə bitərəf qalıb.
Qeyd edək ki, bu günlərdə İran İslam Respublikasının konstitusiyasını mühafizə şurası bəyan edib ki, İran prezidenti ölkənin neft naziri vəzifələrinin icraçısı ola bilməz.
Mövcud qanunvericiliyə görə, prezident 3 ay ərzində parlamentə nazir vəzifəsinə yeni namizədini təqdim edə bilər. Bu müddət ərzində o, ya nazir vəzifələrini müvəqqəti icra edən şəxsi təyin edə bilər, ya da özü müvafiq nazirliyə rəhbərlik edə bilər.
Xatırladaq ki, Mahmud Əhmədinejad 3 naziri birdən işdən qovmuşdu. Vəzifəsindən uzaqlaşdırılanlar neft, sosial təminat və sənaye nazirləri idi. Nazirlər işdən İranda nazirliklərin rəhbərlərinin ixtisarı planı üzrə uzaqlaşdırılmışdılar.
DOSTLARINLA PAYLAŞ: