İngiltərə xəstəxanasında autizm xəstələrinə işgəncə
03 İyun 2011 Cümə 05:42
Kadrlara görə, xəstələr çiyinlərindən tutularaq yerə yatırılır, sillələnir və paltarla duş qəbul etməyə məcbur edilir
İngiltərədəki xəstəxanalardan birində işgəncə qalmaqalı meydana çıxıb. Hadisə İngiltərənin Bristol şəhərindəki, psixoloji problemi və autizm xəstəliyi olan xəstələrin müalicə olunduğu xəstəxanada baş verib. Baş vermiş səhiyyə qalmaqalını aşkarlamaq və lentə çəkmək üçün tanınmış media qurumu olan “BBC” 5 həftə vaxt sərf edib.
Ötən axşam “BBC”-nin “Panorama” proqramında nümayiş olunan kadrlara görə, xəstələr çiyinlərindən tutularaq yerə yatırılır, sillələnir, paltarla duş qəbul etməyə məcbur edilir. Bundan başqa xəstələrə baxan xəstəxana işçiləri işgəncə vaxtı fəryadı göyə yüksələn xəstələri məsxərəyə də qoyur.
Kadrların nüayişi isə ölkədə “qiyaməti qoparıb”. Polis bir nəfəri qadın olan 4 işçini xəstələrə göstərdiyi sistemli pis rəftara görə həbs edib. Xəstəxananın sahibi olan “Castlebeck” şirkəti isə baş verənlərə görə üzr istəyib və artıq 13 işçisini qovduğunu açıqlayıb.
Zehni problem xəstəlikləri mütəxəssisi Endryu Mekdonnel kadrlarda nümayiş olunan görüntüləri işgəncə kimi qiymətləndirib. “BBC” müxbiri Co Keysi bu əzyyətləri unutmağın asan olmayacağını deyib.