İİN: Endirimli qiymətlərlə mal alarkən diqqətli olun!
26 Yanvar 2012 Cümə Axşamı 11:02
Bu zaman əsas hansı amillərə fikir vermək lazımdır?
Təsərrüfat subyektləri daha çox alıcı cəlb etmək məqsədilə bəzi hallarda, xüsusən də bayram günlərində və mövsümün dəyişməsi ilə əlaqədar malların qiymətlərində endirimlər tətbiq edirlər. Bu endirimlərin istehlakçılara çatdırılması məqsədilə mağazaların pəncərələrində, vitrinlərində və fasadlarında yayımlanan reklamlardan istifadə olunur. Təəssüflər olsun ki, bəzi hallarda təsərrüfat subyektləri tərəfindən aparılan endirim kompaniyaları saxta xarakter daşıyırlar
İqtisadi İnkişaf Nazirliyi vətəndaşlara xəbərdarlıq edir ki, belə hallarda diqqətli olsunlar. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, çox vaxt istehlakçıların satış salonlarına cəlb edilməsi məqsədilə endirim kompaniyası ilə əlaqədar qeyri-dəqiq reklamlar yerləşdirilir. Nəticədə bu təsərrüfat subyektləri insanların seçmə sərbəstliyinə təsir göstərən qanunsuz reklam üsullarından istifadə etməklə istehlakçıları aldadırlar.
Qeyd olunanlarla əlaqədar İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlakçılara endirimlərlə mal təklif edən mağazalara daxil olmazdan əvvəl yayımlanan reklamlarda aşağıdakılara xüsusi diqqət yetirilməsini tövsiyə edir:
-endirim tətbiq olunan malların əhatə dairəsinin (bütün mallara, bir qrup mala, mövsümü mala və s) dəqiq göstərilib-göstərilməməsinə;
-tətbiq olunan endirim faizlərinin konkret (%, %-dək və s) göstərilib-göstərilməməsinə.
Alış-veriş edərkən aldanılmamaq üçün endirimlərlə əlaqədar yayımlanan reklamlarda bu məlumatlar dəqiq olmayan mağazalara daxil olmaqdan çəkinmək lazımdır.
Endirim tətbiq olunan malların əhatə dairəsi və endirim faizləri konkret göstərilmiş mağazalarda alış-veriş edərkən aşağıdakılara xüsusi diqqət yetirmək məsləhətdir:
-endirimlərin tətbiq dairəsinin yayımlanan reklama uyğunluğuna;
-malların üzərində endirimdən əvvəlki və sonrakı qiymətlərin olub-olmamasına;
-tətdiq edilən endirimin yayımlanan reklama uyğunluğuna.
Endirim tətbiq edilən malların əhatə dairəsi və endirim faizləri yayımlanan reklamlardan fərqli olan mağazalarda alış-veriş etmək məsləhət deyil.
Qeyd edək ki, ticarət obyektlərində endirimlərin düzgün tətbiq edilməməsi halları ilə rastlaşdıqda, nazirliyin 498-15-01 və 498-15-04 saylı telefon nömrələrinə zəng edərək müraciət etmək olar.
DOSTLARINLA PAYLAŞ: