Hüsnü Mübarək həbsxana hospitalına köçürülür
25 Aprel 2011 Bazar Ertəsi 01:45
Eks-prezident üçün Tora həbsxanasının hospitalında şərait yaradılır
Misirin baş prokuroru Əbdül Maqid Mahmud qısa vaxt ərzində Misirin eks-prezidenti Hüsnü Mübarəkin Şarm-eş-Şeyxdən Qahirədəki “Tora” həbsxanasının hospitalına köçürülməsi barədə göstəriş verib Məlumatı Misirin MENA agentliyi yayıb. Agentliyin məlumatına görə, baş prokuror DİN-dən tələb edib ki, “Tora” cəzaçəkmə müəssisəsində eks-prezidentin ora köçürülməsi üçün şərait yaradılsın.

Xüsusi təyin olunmuş məhkəmə tibb eksperti Əhməd əs-Subayi isə deyib ki, hospitalın təchizatına bir aydan çox vaxt lazımdır. İlk növbədə orada reanimasiya qurğuları quraşdırılmalıdır. Çünki 82 yaşlı Hüsnü Mübarək aritmiyadan (ürəyin normal fəaliyyətinin pozulması) əziyyət çəkir və ona istənilən vaxt reanimatoloqun yardımı lazım ola bilər.

Bu səbəbdən də baş prokuror Hüsnü Mübarəki müvəqqəti olaraq hərbi hospitallardan birinə köçürmək niyyətindədir. Həmin hospitalda rəsmən saxlanılan şəxs olan eks-prezident üçün mühafizə təşkil ediləcək.

Hazırda Hüsnü Mübarək Şarm-eş-Şeyxdəki beynəlxalq hospitalda gücləndirilmiş mühafizə ilə müalicə olunur. O, aprelin 12-də müstəntiqlər tərəfindən dindirildikdən sonra ürəyindəki problemlərlə əlaqədar xəstəxanaya düşüb. Aprelin 13-də isə Hüsnü Mübarəkin saxlanılması barədə qərar çıxarılıb. O, korrupsiya, vəzifə səlahiyyətlərindən sui-istifadə, qanunsuz varlanma, yanvar-fevral aylarında nümayişçilərə qarşı təcavüzə təhrik cinayətlərində şübhəli bilinir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar