“Hundai” 3 min voltluq elektrik dirəyinə çırpıldı
01 Aprel 2011 Cümə 14:53
Qırılan naqil Azərbaycan-Türkiyə sərnişin xətti ilə hərəkət edən avtobusun üzərinə düşüb
Bakının Yasamal rayonunda iki maşının toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Yasamal rayon Dövlət Yol Polisi İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə saat 14.00 radələrində yeni dairəvi yolda baş verib.
Yüksək sürətlə hərəkət edən 90-XM-056 dövlət nömrə nişanlı “Hundai Sonata” markalı avtomobil idarəetməni itirərək “Mercedes C-klass” markalı avtomobilə dəyib. Daha sonra isə yolun kənarındakı 3 min kilovoltluq elektrik dirəyinə çırpılıb. Nəticədə, dirək aşıb. Qırılan naqil isə Azərbaycan-Türkiyə xətti ilə sərnişin daşımaqla məşğul olan “Mercedes” markalı avtobusun ön şüşəsinin üzərinə düşüb. Zərbənin gücündən avtobusun şüşəsi qırılıb. Amma avtobus sərnişinləri avtovağzalda düşürüb qaraja qayıtdığından içində adam olmayıb.
Qəza zamanı “Sonata”nın sürücüsü burun nahiyəsindən yüngül xəsarət alıb.
Hazırda yolda qəzadan sonra yaranan tıxacın aradan qaldırılması istiqamətində iş aparılır.
Hadisənin dəqiq səbəbi aparılan texniki ekspertiza və digər araşdırmalardan sonra daha dəqiq bilinəcək.
DOSTLARINLA PAYLAŞ: