Hər 10 hadisədən 9-u sürücülərin günahı üzündən baş verir
28 Aprel 2011 Cümə Axşamı 23:21
Ərəstun Məcidov: “50-60 yaşlı sürücülər elə pozuntulara yol verir ki, bunu heç cür başa düşə bilmirik”
Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti (YPX) şöbəsinin rəisi Ərəstun Məcidov ANS TV-nin “Nəzər nöqtəsi” verilişinin qonağı olub. O, son zamanlar ölkədə baş verən yol-nəqliyyat hadisələrindən danışıb.

- Ərəstun müəllim bu ilin 4 ayı ərzində nə qədər yol-nəqliyyat hadisəsi qeydə alanıb?

- Aprelin 28-də daxil olmaqla, bu ilin 4 ayı ərzində ölkədə 1005 yol nəqliyyat hadisəsi baş verib. 204 nəfər həlak olub, 1161 nəfər xəsarət alıb. Təəssüflə qeyd etməliyik ki, məhz ilin bu aylırında, ilk rübündə hava şəraitinin yağmurlu keçməsi, yolun hərəkət hissəsinin qarla-buzla örtülməsi zamanı bizdə ağır nəticəli yol-nəqliyyat hadisələrinin bir növ artımı müşahidə olunur. Bununla bərabər qeyd edim ki, əksər hallarda hadisələrin baş verməsinin qarşısının alınması məqsədilə Dövlət Yol Polisinin əməkdaşları tərəfindən müvafiq proflaktiki tədbirlər həyata keçirilir. Mən qeyd edim ki, Daxili İşlər Nazirliyi və BDYP rəhbərliyini də ağır dərəcəli qəzaların baş verməsi xüsusilə narahat edir. Burada ötən ilin müvafiq dövrü ilə müqayisədə 3-5 qəzanın artması və ya azalmasından söhbət getməməlidir. Əsas məsələ odur ki, qəzalarda həlak olmuş insanların, yaralıların hər bir statistikası bizi ciddi narahat edir. Bu rəqəmlərin arxasında insan taleyi dayanır. DİN rəhbərliyinin mövqeyi də belədir ki, bu qəzaların səbəbləri araşdırılmalı və hərəkət iştirakçıları məlumatlandırılmalıdır ki, bundan nəticə çıxarılsın.

- Əgər qəzaların sayında azalma yoxdursa, hansı nəticədən danışmaq olar?

- Nəticə etibarilə qeyd etməliyik ki, Dövlət Yol Polisi daxili işlər orqanlarının bir xidmət sahəsi olaraq yol hərəkəti sahəsində insanların həyat və sağlamlığının qorunması işində profilaktik tədbirlər həyata keçirməklə yanaşı, ölkədə baş verən yol- nəqliyyat hadisələrini qeydə alır, onların baş vermə səbəbini təhlil edir, statistik rəqəmləri yuvarlaşdırır və bu barədə məlumat verir.

- Qəzaların əsas baş vermə səbəbi nədir?

- Əgər biz qayda pozuntularını nəzərə alsaq, əsasən hər 10 hadisədən 9-u sürücülərin günahı üzündən baş verir. Sürücülərin yol hərəkəti qaydalarını pozması səbəbindən. Əsasən də ağır qəzaların əksəriyyəti sürücülərin yolda müəyyən edilmiş sürət həddinə əməl etməməsi səbəbindən baş verir.

- Azərbaycanda ən yüksək sürət həddi nə qədərdi?

- Respublikanın avtomobil yollarında maksimum sürət həddi saatda 90 km-dir.

- Amma çox az sürücü olar ki, bu sürət həddinə əməl etsin...

- Bəli, bununla bağlı aparılan təhlillər göstərir ki, bir saniyənin özü də bəzən ağır yol-nəqliyyat hadisəsinə səbəb olur. Saatda 120 km sürətlə hərəkət edən avtomobil bir saniyədə 33 metr məsafə qət edir. 90 km sürətlə hərəkət edən avtomobil isə saniyədə 25 metr məsafə qət edir. Təsəvvür edin ki, bir saniyə ərzində nəqliyyat vasitəsinin idarə olumasından yayınılarsa, qəzanın ağırlıq dərəcəsi də artır.

- Yollarda radarların quraşdırılması qəzaların qarşısını almağa təsir edirmi?

- Bu ilin 4 ayı ərzində 260 minə yaxın sürət həddinin aşılması ilə müşahidə olunan qayda pozuntusu aşkar olunub. Amma təkcə yolda radar qoyulubsa, bu qəzaya təsir edəcək, demək doğru olmaz. Əsas məsələ burada sürücülərin mövcud qaydaları bilmək və onlara əməl etmək vərdişindən asılıdır.

- Gəlin karvanlarında yol nəqliyyat qaydalarının pozulması daha çox müşahidə edilir. Bu nədən irəli gəlir?

- Bununla bağlı biz dəfələrlə danışmışıq. Hətta animasiya da hazırlayıb nümayiş etdirdik. Təəssüflər olsun ki, gəlin karvanlarında kobud şəkildə qaydaları pozan nəinki gənclərə, yaşlı nəslin nümayəndələrinə də rast gəlirik. 50-60 yaşlı sürücülər belə pozuntulara yol verirlər. Bunu heç cürə başa düşə bilmirik.


DOSTLARINLA PAYLAŞ:

oyunlar