Haitidə vəbadan ölənlərin sayı 2700-ü ötüb
28 Dekabr 2010 Çərşənbə Axşamı 01:40
Ölkədə vəbaya 127 mindən çox yoluxma halı qeydə alınıb
Haitidə tüğyan edən vəba epidemiyası qurbanlarının sayı 2700 nəfəri ötüb. Bu barədə məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb. Qurumun məlumatına görə, dekabrın 27-nədək ölkədə vəbaya 127 mindən çox yoluxma halı qeydə alınıb. Epidemiya başlayandan 2707 nəfər ölüb.

Amerika Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin Haitidəki vəziyyətdə bağlı hesabatında deyilir ki, bəzi hallarda xəstəliyin ilkin simptomları ilə ölüm arasındakı müddət cəmi bir neçə saat təşkil edir. Ümumdünya Səhiyyə Təşkilatının mütəxəssisləri isə bədbin proqnoz veriblər: yaxın bir il ərzində Haitidə vəbaya yoluxanların sayı 400 min nəfərə çata bilər.

Haitinin şimal-qərbində vəba epidemiyası oktyabrın ortalarında başlayıb. Səhiyyə Nazirliyinin xahişi ilə Haitiyə səfər edən fransalı epidemioloq Reno Pyaru bildirib ki, epidemiya ocağı Nepaldan olan BMT sülhməramlılarının düşərgəsi olub. Fransalı alimin gəldiyi nəticələrlə Haiti sakinlərinin ehtimalları üst-üstə düşüb. Sakinlər də nepallı sülhməramlıları vəbanın yayılmasında günahkar hesab edirlər. Nepal ordusunun komandanlığı isə Reno Pyarunun hesabatını kəskin tənqid edib və bildirib ki, hesabat istisnasız olaraq ehtimallara əsaslanır..

Haitidəki vəziyyəti dekabrın əvvəllərində iri şəhərlərdə başlayan geniş miqyaslı etiraz aksiyaları da çətinləşdirir. Nümayişçilər hakimiyyəti noyabrın 28-də keçirilmiş seçkioərin nəticələrini saxtalaşdırmaqda günahlandırır və nəticələrin etibarsız sayılmasını tələb edir. Nümayişlər zamanı azı dörd nəfər ölüb.

Bundan başqa, Qərb yarımkürəsinin ən yoxsul ölkəsi dağıdıcı zəlzələdən sonra özünə gələ bilmir. Zəlzələ nəticəsində 230 minə yaxın adam ölmüş, təxminən 3 milyon nəfər xəsarət almış, 1 milyondan artıq sakin evsiz qalmışdı. Haiti iqtisadiyyatına böyük ziyan dəyib. İlkin hesalamalara görə, zərər 9 milyard dollar civarında olub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar