Haitidə kütləvi iğtişaşlar başlayıb
15 Sentyabr 2011 Cümə Axşamı 03:24
Nümayişçilər BMT sülhməramlılarının ölkədən çıxarılmasını tələb edir
Haitidə BMT sülhməramlılarının ölkədən çıxarılması tələbi ilə keçirilən aksiyalar nümayişçilərlə polis əməkdaşları arasında toqquşmalara çevrilib. “Associated Press” agentliyinin məlumatına görə, etiraz aksiyasında yüzlərlə haitili iştirak edib. Polis nümayişi dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib. Kütlə isə bunun cavabında polis əməkdaşlarını daşqalaq etməyə başlayıb. Kütləvi iğtişaşlar nəticəsində tələfat və xəsarətlərlə bağlı məlumat yoxdur.

Hazırda Haitidə 12 mindən çox BMT sülhməramlısı var. Beynəlxalq kontingent adaya 2004-cü ilin siyasi böhranından sonra yerləşdirilib. Yaxın vaxtlarda Haiti prezidenti Mişel Martellinin müddəti oktyabrda başa çatacaq BMT missiyasının mandatının artırılması ilə bağlı müraciət edəcəyi gözlənilir.

Haiti sakinlərinin BMT qüvvələrindən narazılığı sentyabrın əvvəllərində ölkənin cənubunda yayılan videogörüntüdən sonra artıb. Videogörüntüdə uruqvaylı olduqları ehtimal edilən bir neçə sülhəramlının gənc oğlana qarşı seksual hərəkətləri əks olunub. Zorakılıq qurbanının 18 yaşı olub. İyulda baş vermiş insidenti BMT araşdırır. Araşdırmaların nəticələri hələlik məlum deyil.

Daha əvvəl isə Haiti sakinləri nepallı sülhməramlıları 2010-cu ilin otkyabrında başlayan vəba epidemiyasında günahlandırmışdılar. Haitililərin fikrincə, infeksiyanın mənbəyi nepallı sülhməramlıların tulantıları təmizlənmədən çaya axıtdıqları bazası olub. Səhiyyə Nazirliyinin dəvəti ilə Haitidə olan fransalı epidemioloq da eyni qənaətə gəlib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar