Haitidə dağıdıcı zəlzələ baş verib, yüzlərlə ölən və yaralanan var
13 Yanvar 2010 Çərşənbə 10:20
Haitidə baş verən dağıdıcı zəlzələ yüzlərlə insanın ölümünə səbəb olub.
APA-nın məlumatına görə, Port-o-Prens şəhərindən qərbdə baş verən ilk yeraltı təkanların gücü Rixter şkalası üzrə 7,3 bal olub. Daha sonra həmin bölgədə gücü 5,5 baldan çox olan bir neçə təkrar təkan qeydə alınıb. Zəlzələ nəticəsində çoxlu sayda bina dağılıb, şahidlər dağıntılar altında çoxlu sayda insanın qaldığını bildirirlər. Təkanlar nəticəsində Haiti prezidentinin iqamətgahı, parlamentin binası və onlarla inzibati bina da yerlə yeksan olub. Bu, Haiti tarixində ən güclü zəlzələ sayılır. Artıq bir çox ölkə zəlzələnin nəticələrinin aradan qaldırılması və xilasetmə əməliyyatlarının aparılması üçün Haitiyə yardım göstərməyə hazır olduğunu açıqlayıb. ABŞ artıq bölgəyə 72 nəfərlik xilasedici briqada və 48 ton yardım göndərib.

Hələlik təbii fəlakətin miqyası tam müəyyənləşməyib, zəlzələ nəticəsində zərər çəkən rayonlarla rabitə əlaqəsi tamamilə itib. Hakimiyyət orqanları və bölgədə xilasetmə əməliyyatına cəlb olunan ekspertlər təbii fəalkətin qurbanlarının sayının mindən çox ola biləcəyini ehtimal edirlər. Son məlumata görə, zəlzələ nəticəsində BMT-nin Haitidəki missiyasının mənzil-qərargahı da tamamilə uçub, çoxlu sayda BMT əməkdaşının taleyindən xəbər yoxdur. Ümumdünya Bankı da Port-o-Prensdəki ofisinin darmadağın olduğunu bəyan edib. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar