Hacıqabuldakı partlayışda ölənlərin sayı üçə çatıb
10 Avqust 2011 Çərşənbə 12:13
Hadisənin səbəbkarı öldüyündən məsuliyyətə cəlb edilən yoxdur
Avqustun 9-da Hacıqabul rayonu ərazisində baş vermiş partlayış nəticəsində ölənlərin sayı 3-ə çatıb. Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, bədəninin səthinin 100 faizi, tənəffüs yolları yanan və çox ağır vəziyyətdə olan Etibar Səfərov gecə xəstəxanada vəfat edib. Yaralanan və xəstəxanaya yerləşdirilən 22 nəfərdən isə artıq evə buraxılanları var. Vəziyyəti ən ağır olan xəstələr isə Bakıya gətirilib.

Qeyd edək ki, Bakı-Gəncə marşrutu üzrə işləyən “İkarus” markalı avtobus, 5 minik və 1 yük maşınının tam yandığı hadisə ilə bağlı təhqiqatlar davam edir. Prokurorluq orqanlarının rəyinə görə, hadisəyə yanacaq daşıyan avtomobilin qəzaya uğrayaraq alışması səbəb olub. Bu maşının sürücüsü Şərur rayon sakini Çingiz Hacıyev hadisə zamanı öldüyündən hələlik faktla bağlı heç kim məsuliyyətə cəlb edilməyib.

Faktla bağlı Cinayət Məcəlləsinin yanğın təhlükəsizliyi qaydalarının pozulması maddəsi üzrə cinayət işi açılıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar