Hadisə

Hacıqabulda qoyunlar kütləvi şəkildə tələf olub

Fermerə 25 min manat dəyərində ziyan dəyib

· Xəbərçi
Hacıqabulda qoyunlar kütləvi şəkildə tələf olub
Hacıqabul rayonu Qarasu kəndinin qoyun-quzu sürüsündə kütləvi tələfat halı qeydə alınıb. İnfeksiya nəticəsində Qabil Abdullayevin fermasında 160 baş əmlik quzu, 100 baş boğaz qoyun tələf olub. Fermerə 25 min manat dəyərində ziyan dəyib.

Hadisədən sonra rayon və dövlət baytarlıq xidmətinin əməkdaşları Qarasuya gələrək müayinələr aparıblar. Dövlət baytarlıq xidmətinin əməkdaşları bildirib ki, tələf olmuş heyvan cəsədlərinin cəmdəyindən götürülmüş nümunə zamanı onlardan birinin qurd, digərinin isə aclıqdan ölməsi məlum olub.

Tələf olan heyvanlardan bir neçə baş cəsəd və qan nümunələri isə müayinə üçün Bakıya göndərilib. Laboratoriyanın cavabı belə olub ki, kütləvi tələfata səbəb infeksiyadır.

Fermer heyvanların vaxtı-vaxtında yemləndiyini, peyvənd və vaksinasiya işinin aparıldığını deyib. Sürüsü qırılan çoban Ağahəsən Nöhbalayev isə təəccübünü gizlədə bilmir: “25 ildə mən belə şey görməmişəm. Yeyə-yeyə ölür, ayağı yığılır, səhər ölür”.

Şərhlər