Hacıqabulda bir ailənin 4 üzvü avtomobildə yanaraq ölüb
30 İyun 2011 Cümə Axşamı 11:03
Ailənin daha bir neçə üzvü isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Hacıqabul rayonunda dəhşətli yol qəzası baş verib. APA-nın xəbərinə görə, hadisə ötən gecə saat 23:30 radələrində İpək yolunun Hacıqabul rayonunun Nəvahi kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. “VAZ 2106” markalı, 43 BA 328 dövlət nömrə nişanlı avtomobillə “VAZ 2106” markalı 24 BB 353 dövlət nömrə nişanlı maşının toqquşması nəticəsində yanğın baş verib. Nəticədə hər iki maşının sürücüsü xəsarət alıb, 24 BB 353 dövlət nömrə nişanlı avtomobildə olan bir ailənin 4 üzvü - İbrahimova Nərminə Şahı qızı, onun nəvələri azyaşlı Babayeva Aydan və Xanım Fəzail qızları, həmçinin İbrahimov Nicat Vüsal oğlu yanaraq ölüblər.
Uşaqların anası Babayeva Ruhiyyə Rayət qızı və onun bacısı Sevinc, eləcə də sürücü Qaçayev Rasim İlham oğlu Şirvan Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
İlkin versiyaya görə, hadisənin baş verməsinə digər avtomobilin sürücüsü Atamoğlanov Alxan Balaxan oğlunun sərxoş vəziyyətdə avtomobili idarə etməsi səbəb olub.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Hacıqabul rayon Yanğından Mühafizə Xidmətinin xilasediciləri və texnikası cəlb edilib. Yanğın söndürülüb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: