Güzdəkdə kombayn hissələrinin oğrusu tutulub
21 Mart 2011 Bazar Ertəsi 17:04
Bayram ərəfəsində dəmir məftil, ərzaq və qeyim oğruları da saxlanılıb.
Göygöl Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 19-da Fikrət Verdiyevə məxsus fermer təsərrüfatından 2000 manat dəyərində dəmir məftilləri oğurlamış Gəncə şəhər sakini Nizami Əliyev tutulub.
Amma bu, heç də Novruz bayramı ərəfəsində baş verən yeganə cinayət işi deyil. Daxili İşlər Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Astara RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün Astara şəhərinin ərazisində, şəhər sakini Bəylər Əliyevə məxsus anbardan geyim əşyalarını oğurlamış Şahağacı kənd sakini Orxan Əsədov tutulub.
Zaqatala RPŞ əməkdaşları da bir oğrunu tutmağa nail olublar. Belə ki, rayon polislərinin həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 18-də Solmaz Qazıyevaya məxsus mağazadan 1723 manat dəyərində ərzaq məhsulları, tütün məmulatları, məişət və geyim əşyaları oğurlamış rayon sakinləri, əvvəllər məhkum olunmuş Elsevər Muradov və Elcan Şirinov tutulublar.
Güzdək qəsəbəsi ərazisində isə Sumqayıt şəhər sakini Sənan Əmrahova məxsus daş karxanasındakı kombaynın hissələri sökülərək oğurlanıb. Faktla əlaqədar dünən Abşeron RPŞ-nə ərizə ilə müraciət olunub. Abşeron RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Güzdək qəsəbə sakini İmanqulu Rzayev saxlanılıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: