Göyçayda iki azyaşlı uşaq evdə yanaraq ölüb
14 Oktyabr 2011 Cümə 16:46
Göyçay rayonunun Yalman kəndində içərisində iki azyaşlı uşaq olan ev yanıb.
Kənd bələdiyyəsinin sədri Samir Əhmədov APA-ya bildirib ki, hadisə bu gün saat 15:30 radələrində kənd sakini Yaqubov Bulud Həsrət oğluna məxsus, 130 kvadratmetrlik ikimərtəbəli fərdi yaşayış evində baş verib. Əraziyə 3 yanğınsöndürən maşın və canlı qüvvə cəlb edilib. Ev sahibinin oğlu 1981-ci il təvəllüdlü Yaqubov Raufun iki azyaşlı övladı yanğın baş verən evin içərisində qalıb və onların xilas edilməsi mümkün olmayıb. Yanğın bu dəqiqələrdə söndürülüb.

Yanğınsöndürənlərin və kənd sakinlərinin uşaqların xilas edilməsi üçün ciddi səyi nəticəsiz qalıb və hadisə nəticəsində 2009-cu il təvəllüdlü Yaqubov Aygül Rauf qızı və 2008-ci il təvəllüdlü Yaqubov Buludxan Rauf oğlu yanaraq ölüb. Onların meyidləri çətinliklə də olsa yanğın nəticəsində dağılmış evdən çıxarılaraq valideynlərinə təhvil verilib. Məlumata görə, uşaqların valideynləri yanğın baş verən zaman həyətyanı sahədə işləyirlərmiş. Hadisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Yaqubovlar ailəsinin cəmi iki övladı olub. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar