Göyçayda ağır qəza baş verib, 10 yaralı
25 İyun 2011 Şənbə 11:51
Göyçayda ağır qəza baş verib, 10 yaralı var. “VAZ 2106” toydan qayıdan “Mercedes” markalı maşınla toqquşub.
Göyçay rayonunda ağır avtomobil qəzası baş verib. Rayon Polis Şöbəsindən APA-nın Şirvan bürosuna verilən məlumata görə, hadisə ötən gün saat 23:30 radələrində Göyçay-Ucar yolunun 1.5-ci kilometrliyində qeydə alınıb.
Şəhər sakini, 1947-ci il təvəllüdlü Əsgərov Niman Qulu oğlunun idarə etdiyi 23 BC 068 dövlət nömrə nişanlı “VAZ 2106” markalı minik avtomobili qarşı tərəfdən gələn, Zərdab rayon sakini, 1962-ci il təvəllüdlü Rəfiyev Əbülfəz Surxay oğluna məxsus 10 XZ 095 dövlət nömrə nişanlı, “Mercedes” markalı maşınla toqquşub.
Hadisə nəticəsində hər iki avtomobilin sürücüsü, eləcə də “VAZ 2106”-nın sərnişinləri - Göyçay sakinləri, 1980-ci il təvəllüdlü Əsgərov Sadiq Niman oğlu, 1957-ci il təvəllüdlü Əsgərova Rahilə Cəfər qızı, 1985-ci il təvəllüdlü Əsgərova Aynur Kamil qızı, 2009-cu il təvəllüdlü Əsgərova Zəhra Sadiq qızı və “Mercedes”in sərnişinləri - Zərdab sakinləri, 1988-ci il təvəllüdlü İslamov Vüsal Bəxtiyar oğlu, 1997-ci il təvəllüdlü İsrayılova Təranə Malik qızı, 1964-cü il təvəllüdlü Alışükürova Malik Rafiq oğlu və 1970-ci il təvəllüdlü Əhmədov Qurban İnqilab oğlu müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar. Onlar Göyçay Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Məlumata görə, Zərdab sakinləri Göyçayda keçirilən toy mərasimindən geri qayıdırmışlar.
Faktla bağlı Göyçay Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: