Göyçay rayonunda bələdiyyə binası yanıb
25 İyun 2011 Şənbə 13:22
Bu gün saat 10.30 radələrində Göyçay rayonunun Potu kəndində güclü yanğın hadisəsi baş verib.
Göyçay rayon Yanğından Mühafizə Hissəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, hadisə rayon mərkəzinə bitişik Potu kəndində mədəniyyət evi, kitabxana, bələdiyyə və kənd sakini İsgəndərov Arif Bilal oğluna məxsus fərdi yaşayış evinin yerləşdiyi binada qeydə alınıb.

Hadisə yerinə 3 yanğınsöndürən maşın və 25 nəfərə qədər canlı qüvvə göndərilib, saat 13:00 radələrində alovun qarşısı alınıb.

Yanğın zamanı ümumi sahəsi 680 kv. metr olan iki mərtəbəli inzibati bina tamamilə yanaraq yararsız hala düşüb. Binanın dam örtüyü, mədəniyyət evinin, bələdiyyənin və kitabxananın inventar avadanlıqları, eləcə də bələdiyyənin sənədləri, kitabxanadakı 6 minə yaxın kitab yanaraq məhv olub. Yanğına İsgəndərov Arifə məxsus yaşayış evindəki elektrik naqilində baş verən qısaqapanmanın səbəb olduğu bildirilir.

Qeyd edək ki, 5 il öncə inzibati binanın bir hissəsi özəlləşdirilərək yaşayış evi kimi Arif İsgəndərova satılıb.

Faktla bağlı araşdırma aparılır. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar