Goranboyda xuliqanlıq etmiş şəxs tutulub
02 İyul 2011 Şənbə 19:20
Respublika Baş Prokurorluğu hadisənin təfərruatlarını açıqlayıb.
Goranboy rayonunda xuliqanlıq etmiş şəxs tutulub. Bu barədə Azərbaycan Respublikası Baş Prokurorluğunun məlumatında bildirilir.
Məlumata əsasən, 1 iyul 2011-ci il tarixdə saat 11 radələrində Goranboy rayon sakini Rəhman Qasımov idarə etdiyi "BMW" markalı avtomaşınla Goranboy rayon İcra Hakimiyyətinin qarşısına gələrək, içtimai qaydanı kobud surətdə pozaraq cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və vətəndaşların üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri törədib. O, xidməti vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar hakimiyyət nümayəndələrinə həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmək məqsədilə maşının içərisindən ov tüfəngini götürərək rayon polis şöbəsinin rəisi Məhəmməd Məmmədova tərəf istiqamətləndirməklə onu ölümlə hədələyib.
M.Məmmədov silahı onun əlindən almağa cəhd edərkən, o maşını sürüb getmiş, bundan sonra onun cinayət əməllərinin qarşısını almağa cəhd edən rayon polis şöbəsinin əməkdaşlarının üzərinə silahı istiqamətləndirərək onları da ölümlə hədələyib. Aparılan danışıqlara baxmayaraq Rəhman Qasımov təslim olmaqdan imtina edib və maşına oturarkən polis əməkdaşları onun maşınının pəncərəsindən silahı götürdükdən sonra hadisə yerindən qaçıb.
Bundan sonra özündə olan bıçaqla rayon İcra Hakimiyyəti başcısının birinci müavini Baxış Abdullayevin iş otağına gəlib, orada ona yaxınlaşan polis əməkdaşlarını görüb, bıçağı sonuncunun boğazına dirəyərək, polis işçilərinin getməsini tələb edib. Onların getdiyinə əmin olduqdan sonra Baxış Abdullayevi buraxıb binanın birinci mərtəbəsinə enib. Orada polis işçilərini görüb, dərhal özündə olan bıçağı həmin yerdə dayanıb, sürücü Mikayıl Tanrıverdiyevin boğazına dirəyib polislərə onu sərbəst buraxmalarını bildirib. Hadisə yerinə gələrək onu sakitləşdirmək istəyən arvadı Nəzakət Qasımovanın boğazına bıçağı dirəyərək polislərin çıxıb getməsini tələb edib və bu zaman polis əməkdaşlarının daha ağır hadisə baş verməməsi üçün geri çəkilmələrindən istifadə edərək hadisə yerindən qaçıb.
Faktla bağlı 1 iyul 2011-ci il tarixdə Goranboy rayon prokurorluğunda Rəhman Qasımovun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134 (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə), 221.3 (xuliqanlıq) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb.
Həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Rəhman Qasımov şübhəli şəxs qismində tutulub və hazırda rayon prokurorluğunda iş üzrə istintaq davam etdirilir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: