Goranboyda toy maşını qəzaya düşdü: Polis Akademiyasının müdavimi ölüb
17 Mart 2012 Şənbə 16:31
Qəza nəticəsində 3 nəfər də yaralanıb
Azərbaycanın Goranboy rayonunda toya gedən maşın qəzaya uğrayıb. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə saat 13:30-da Bakı-Qazax yolunun 315-ci km-də baş verib.
Bakı şəhər sakini Vaqif Rüstəmovun idarə etdiyi 90 RL 598 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobil yoldan çıxaraq aşıb. Qəza nəticəsində sürücü, onun sərnişinləri, Goranboy rayonunun Aşağı Bala Kürd kəndinin sakinləri Qumru və İzzət Hacıyevlər, eləcə də Polis Akademiyasının müdavimi, 1990-cı il təvəllüdlü Cavid Eminov yaralanıb. C.Eminov xəstəxanaya aparılarkən yolda keçinib. Digər yaralılar isə xəstəxanaya yerləşdiriliblər.
Hadisə şahidlərinin ANS PRESS-ə verdiyi məlumata görə, Qızılhacılı kəndindəki toydan çıxan "Mercedes" markalı avtomobil ötmə əməliyyatı zamanı aşıb. Yaralılar yoldan keçənlərin köməyi ilə Goranboy rayon Xəstəxanasına çatdırılıblar.
DOSTLARINLA PAYLAŞ: