Goranboyda silahlı şəxs dövlət nümayəndələrinə hücum edib
03 İyul 2011 Bazar 14:43
Polis rəisini tüfənglə hədələyən, icra başçısının müavininin boğazına bıçaq dirəyən Rəhman Qasımovun keçmiş polis olduğu bildirilir.
Goranboy rayonunda silahlı basqın olub. Rayon sakini Rəhman Qasımov idarə etdiyi “BMW” markalı avtomaşınla Goranboy rayon İcra Hakimiyyətinin qarşısına gələrək böyük qalmaqal törədib. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, o əvvəlcə polis idarəsinin rəisi Məhəmməd Məmmədovu ov tüfəngilə hədələyib. Polislərin müdaxiləsi nəticəsində Rəhman Qasımov yaxalansa da, sonradan qaçıb. O, qaçaraq İcra Hakimiyyətinin binasına daxil olub və icra başçısının müavi Baxış Abdullayevin boğazına bıçaq dirəyib. Müavini öldürəcəyilə hədələyən Rəhman Qasımov sonradan icra başçısının sürücüsünü ələ keçirib. Onun da boğazını bıçaqla kəsəcəyi ilə hədələyən “qəhrəman” sonradan hadisə yerinə gələn həyat yoldaşını görüb. Həyat yoldaşının əraziyə gəldiyini görən Rəhman Qasımov əsəbləşib və sürücünü buraxaraq qadını yaxalayıb.

ANS PRESS-in bölgə müxbirinin əldə etdiyi məlumata görə, Rəhman Qasımov təqaüddə olan polis işçisidir.

Artıq Respublika Baş Prokurorluğu Goranboyda baş verən hadisə ilə bağli məlumat yayıb. Məlumatda rayon sakini Rəhman Qasımovun ictimai qaydanı kobud surətdə pozaraq cəmiyyətə açıq hörmətsizlik ifadə edən və vətəndaşların üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri barədə Cinayət Məcəlləsinin 134-cü (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə), 221.3 (xuliqanlıq) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət və ya zor tətbiq etmə) maddələrilə cinayət işi başlandığı qeyd olunur.

Qeyd edək ki, həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində Rəhman Qasımov şübhəli şəxs qismində tutulub və hazırda rayon prokurorluğunda iş üzrə istintaq davam etdirilir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar