Goranboyda müəmmalı əsgər ölümü
24 May 2011 Çərşənbə Axşamı 22:48
19 yaşlı Taleh Salahovun yaxınları ölümün səbəblərinin araşdırılmasını tələb edir
Azərbaycan ordusunun daha bir əsgəri hərbi xidmət zamanı müəmmalı şəkildə dünyasını dəyişib. Yaxınları Goranboyda hərbi xidmət edərkən güllə yarasından həyatını itirən Taleh Salahovun ölümünün səbəblərinin araşdırılmasına təkid edir.
2010-cu ildə Abşeron rayon Hərbi komissarlığından həqiqi hərbi xidmətə çağırılan 19 yaşlı Taleh Salahov Goranboyda hərbi xidmət keçdiyi N saylı hərbi hissədə dünən ürəyindən aldığı güllə yarasından dünyasını dəyişib. Əsgər Taleh Salahovun cənazəsi bu gün Masazır qəbirstanlığında torpağa tapşırıldı. Əsgərin ölümünün dəqiq səbəbləri hələlik açıqlanmır. Valideynlərinə Talehin özü-özünü vurduğu deyilsə də, mərhumun anası bununla razılaşmır.
“Deyirlər Taleh özü-özünü vurub. Mən inanmıram, oğlum özü-özünü vurmayıb. Dəli deyildi ki, özünü vursun. Bir ildir gedib, mənim uşağım dəli deyildi. Araşdırsınlar, Talehin nə səbəbdən dünyasını dəyişdiyini tapsınlar”,- deyə Taleh Salahovun anası Qələmnaz Salahova qeyd edib.
Şəhidin qohumu Mirzəağa Əhmədov isə Talehin ölümünü vaxtsız ölüm adlandırır: “Hadisə nə şəkildə olub, təfərrüatlarına varmaq istəmirəm. Amma itkidir, Azərbaycan əsgəridir. Allah xalqımıza, kəndimizə, camaatımıza, ən əsası da onun valideynlərinə səbr versin!”.
Müdafiə Nazirliyinin mətbuat xidməti isə faktla bağlı araşdırılma aparıldığını bildirib. Qeyd edək ki, Hərbi Prokurorluqda bu və ya digər vəziyyətdə baş verən ölüm hadisələri ilə bağlı cinayət işi açılır.
DOSTLARINLA PAYLAŞ: