"Ginnesin rekordları kitabı"na düşən idmançı Bakıda həbs olundu
11 Oktyabr 2011 Çərşənbə Axşamı 22:59
Emin Əzimov Binəqədi rayonunda yerləşən mağazanın mühasibatlıq otağından 1200 manat pul oğurlayıb.
Bakının Biqənəqi rayon Polis İdarəsinin və 6-cı polis bölməsinin əməkdaşları sərbəst güləş üzrə Azərbaycan çempionatının gümüş medalçısı, 21 yaşlı Emin Əzimovu cinayət əməlinə görə həbs edib.
Binəqədi Rayon Polis İdarəsinin baş əməliyyat müvəkkili Kənan Abışovun verdiyi məlumata görə, Binəqədi rayonu ərazisində “Xırman” firmasına məxsus mağazanın mühasibatlıq otağından 1200 manat pul oğurlanıb. Onun sözlərinə görə, əməliyyatçıların keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Emin Əzimov tutularaq istintaqa cəlb edilib.
İstintaqın gedişi zamanı Emin Əzimovun cinayət əməlinin təkcə bununla yekunlaşmadığı məlum olub. Belə ki, o, paytaxt və Kürdəmir rayonunda yerləşən bir neçə mağazadan da oxşar oğurluqları edib.
Emin Əzimov Kürdəmirə oğurluq məqsədi ilə getmədiyini deyib. Ümumiyyətlə oğurluğa imkansızlıqdan əl atdığını bildirən Əzimov törətdiyi əməllərdən peşiman olduğunu deyib.
Qeyd edək ki, Emin Əzimov Türkmənistanda anadan olub. 12 yaşı olanda isə anası və qardaşı ilə birgə Bakıya köçüb. 2010-cu ildə Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Qızıl Qran-pri” turnirində 66 kiloqram çəki dərəcəsində idmançılar arasında 2-ci yer tutaraq gümüş medal qazanıb. 2008-ci ildə sərbəst güləş üzrə respublika çempionatında ikinci yer tutduğunu deyən Emin Əzimovun qəhrəmanlığı bununla da bitmir. O, elə həmin il 6 saat ərzində dayanmadan 10 min dəfə jim etdiyinə görə “Ginnesin rekordları kitabı”na adını yazdırıb. Bunun müqabilində isə Eminə 200 min dollar pul, maşın və 3 otaqlı mənzil verilib. Amma qazandıqlarını xərcləyib qurtaran Emin asan yolla pul qazanmaq istəyib. Bu isə onun azadlığını əlindən alıb.
Faktla bağlı Binəqədi rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin oğurluq maddəsi ilə cinayət işi başlanıb.
Qeyd edək ki, Emin Əzimov əvvəllər də oğurluq etdiyinə görə 1,5 il müddətinə azadlıqdan məhrum edilib. anspress
DOSTLARINLA PAYLAŞ: