Gəncədə partlamamış mərmi tapılıb
30 Mart 2011 Çərşənbə 19:03
Tərkibində qaz və kimyəvi maddələr olan mərmi təhlükəsizlik tədbirlərinin gözlənilməsi şərtilə Ağstafa rayonuna aparılıb
Martın 29-da Gənşə şəhərinin Kəpəz rayon polis şöbəsinin əməkdaşları Gəncə şəhərinin Avtozavod qəsəbəsində, yol kənarında naməlum mərmi aşkarlayıb. Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) əməkdaşları mərmiyə baxış keçirdikdən sonra məlum olub ki, mərminin tərkibində qaz və kimyəvi maddələr var.

Güman edilir ki, mərmi keçmiş SSRİ ordusunun arsenalından qalmadır. Vaxtilə sovet ordusunun hərbi təlimləri zamanı bu ərazilər poliqon kimi istifadə edilib. Aşkarlanan mərmi təhlükəsizlik tədbirlərinin gözlənilməsi şərtilə Ağstafa rayonuna aparılıb. Təhlükəli tapıntı, orada xüsusi sahədə partladılaraq zərərsizləşdiriləcək.

ANAMA-nın ədəkdaşı Musa Məmmədovun sözlərinə görə, bu mərminin toksiki-kimyəvi olmasını göstərən yaşıl kod işarəsi var: “Ona görə bu sürsətla qaz-toksiki tərkibli sürsat kimi davranılacaq və bizim Ağstafa rayonunda olan partlamamış hərbi sürsatlar üzrə əməliyyat qrupunun əməkdaşları onu ora apararaq mərkəzi məhvetmə ərazisində müvafiq şəkildə zərəsizləşdirəcəklər”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar