Gəncədə iş adamını ölümlə hədələyən maskalı şəxslər tutulub
24 İyul 2010 Şənbə 14:05
Onlar "Atlant-R" firmasının müdirinə hədə-qorxu gəliblər.
Naməlum şəxslər Gəncə şəhər sakini, "Atlant-R" firmasının müdiri Zakir Məmmədovu ölümlə hədələyərək ondan külli miqdarda pul tələb ediblər. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Gəncə Şəhər Polis İdarəsinə Z. Məmmədova qarşı zorakılıq tətbiq ediləcəyi və ondan külli miqdarda pul tələb olunması barədə əməliyyat məlumatı daxil olub.
Məlumatla əlaqədar Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi və Gəncə Şəhər Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətdə şübhəli bilinənlər - Gəncə şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar Kamil Əliyev, Qəşəm Xanquliyev və Rauf İmamquliyev tutulublar.
Q.Xanquliyevdən 5,89 qram, R.İmamquliyevə məxsus "Toyota-Prado" markalı avtomaşından isə 5,68 qram narkotik vasitə olan marixuana, 3 ədəd üzərində göz üçün deşiklər olan idman papaqları, 2 cüt əlcək və 1 bağlama yapışqanlı lent aşkar olunaraq götürülüb.
Faktla əlaqədar cinayət işi başlanmışdır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: