Gəncədə hamilə qadın qətlə yetirildi
28 Mart 2011 Bazar Ertəsi 11:49
22 yaşlı gənc qadın ana olmağa hazırlaşırmış...
Gəncə şəhərində dəhşətli qətl hadisəsi törədilib. Şəhər Prokurorluğundan Milli.Az-a verilən məlumata görə, hamilə qadın evində qətlə yetirilib.
Qanlı hadisə martın 27-də törədilib. Şəhər sakini, 22 yaşlı Təranə Mədətova yaşadığı evdə çoxsaylı bıçaq zərbəsi ilə öldürülüb. Qətli törədən şəxs qadının üzərindəki qızıl-zinət əşyalarını götürərək evi tərk edib. Polis əməkdaşları qətli törətməkdə şübhəli bililnən 21 yaşlı Ramal Abdullayevi tutaraq istintaqa təhvil verib.
Ramal Abdullayevin Gəncə Dəmiryol İdarəsində maşinist işlədiyi bildirilir. Gəncədəki hüquq-mühafizə orqanlarından verilən məlumata görə, onunla qətlə yetirilən qadının əri arasında qızıl alış-verişi ilə bağlı mübahisə olub. Belə ki, mərhumun ərinin Abdullayevə külli miqdarda qızıl borcu olub. Abdullayev də bu məqsədlə onun mənzilinə girərək qadını qətlə yetirib və mənzildəki qızıl-zinət əşyalarını oğurlayıb.
T.Mədətova bir neçə ay əvvəl ailə həyatı qurub və ana olmağa hazırlaşırmış. Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.
DOSTLARINLA PAYLAŞ: