Gənc oğlan nişanlısının gözü qarşısında öldü
29 Oktyabr 2010 Cümə 10:40
Gənc oğlan nişanlısının gözü qarşısında öldü. Hadisə Lənkəranda baş verib.
Lənkəranda piyadanın vurulması ilə nəticələnən yol-qəza hadisəsi baş verib. ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, hadisə dünən gecə saatlarında Lənkəran-Boradigah yolunun 5-ci kilometrliyində, yolun Lənkəran rayonunun Girdəni kəndindən keçən hissəsində baş verib.
Lənkəran rayonunun Veravul kənd sakini, 24 yaşlı Mənsimov Qismət Şəmsəddin oğlu idarə etdiyi “Vaz-2103” markalı 42 BG 056 dövlət nömrə nişanlı avtomaşınla Boradigah istiqamətində hərəkətdə olarkən piyada, rayonun İstisu qəsəbə sakini 19 yaşlı Hüseynov Şəhriyar Ayətağa oğlunu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerindəcə ölüb.
Qeyd edək ki, Lənkəran dövlət yol polisinin və rayon polis şöbəsinin əməkdaşları hadisə yerində olub və hadisə yeri müayinə olunub.
İşi araşdıran Lənkəran şəhər polis şöbəsinin baş müstəntiqi Elnur Məmmədovun verdiyi məlumata görə artıq faktla bağlı AR CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar aparılır.
Sürücü Qismət Mənsimov ilkin istintaqa verdiyi müsahibəsində qarşıdan gələn maşının işıq salması ucbatından yolu görmədiyini, bu səbəbdən də yolun hərəkət hissəsi ilə gedən piyadanı vurduğunu deyib. E.Məmmədov isə hadisənin baş verməsinin dəqiq səbəblərinin aparılan avtotexniki ekspertizanın rəyindən sonra məlum olacağını deyib. Hadisənin sürücünün ehtiyatsızlığı və ya yüksək sürət ucbatından baş verməsi versiyaları da araşdırılır.
Qeyd edək ki, hadisə mərhum Şəhriyar Hüseynov nişanlısı ilə yol gedərkən baş verib. Bu vaxt yola tərəf olan Şəhriyar maşının zərbəsinə tuş gəlsə də, nişanlısı zərbədən yayına bilib.
Faktla bağlı araşdırmalar davam etdirilir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: