Füzuli və Cəbrayılın işğalından 18 il ötür
23 Avqust 2011 Çərşənbə Axşamı 00:35
İki rayonun Ermənistan silahlı qüvvələri tərəfindən işğalı Azərbaycana külli miqdarda ziyan vurub
Azərbaycanın Füzuli və Cəbrayıl rayonlarının Ermənistan tərəfindən işğalından 18 il keçir.
Cəbrayıl rayonunda respublika və rayon əhəmiyyətli tarixi memarlıq abidələr, qiymətli meşələr, böyük ehtiyata malik yeraltı sərvətlər, mineral maddələrlə zəngin su mənbələri erməni işğalçıları tərəfindən dağıdılaraq məhv edilib. Sahəsi 104980 hektar olan Cəbrayıl rayonu 1993-cü il 23 avqust tarixində erməni işğalçıları tərəfindən zəbt olunub. Cəbrayıl rayonunun işğalı nəticəsində Azərbaycan iqtisadiyyatına dəyən ziyan 3 milyard dollardan çoxdur. Mütəxəssislərin fikrincə, rayon işğal olunmasaydı, indi hər il azərbaycan iqtisadiyyatına milyonlarla manat xeyir verərdi.
Məsələn, sovet dövründə Cəbrayıl rayonunda üzümçülük, taxılçılıq, baramaçılıq, heyvandarlıq inkişaf etmiş kənd təsərrüfatı sahələrindən sayılıb. 1992-ci ildə rayonda 60 min ton üzümçülük, 252 ton barama, 22 min ton taxıl ət, süd, yun istesal orlunub.İqtisadiyyata dəyən zərər aqrar və istesal sahəsindəki ziyanla bitmir. Aparılan hesablamalara görə, işğal altında 14 mindən çox daşınmaz əmlak qalıb. Təkcə şəxsi evlər yox, dəyərinin hesablanması mümükün olmayan mədəni tarixi abidələr də işğal altındadır. Cəbraylın Ermənistan silahlı qüvvələri tərəfindən tutulması ilə 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 5 məscid, 2 muzey, 129 tarixi abidə, 149 mədəniyyət ocağı işğal altında qalıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, Cəbrayıl rayonunda mişar daşı istehsalına yararlı və istismara cəlb edilmiş ehtiyatları 2937 min m3 olan Tulus tuf; ümumi ehtiyatları 5434 min m3 olan 2 Çaxmaqçay, Soltanlı tikinti qumu, ehtiyatları 296 min m3 olan kərpic istehsalına yararlı Qaracallı gil; ehtiyatları 6644 min ton olan sement istehsalına yararlı Göyərçin-Veysəlli vulkan külü, ehtiyatları 1325 min ton olan Minbaşlı gəc; ehtiyatları 5226 min ton olan əhəng istehsalına yararlı Ağtəpə əhəngdaşı; ehtiyatları 4130 min kub m. olan Cəfərabad qum-çınqıl qarışığı, ehtiyatları 504 ton olan Sahverdi yəşəm və ehtiyatları 1348 ton olan Çaxmaqqaya xalsedon yataqları vardır.
Cəbrayıl şəhərində diametri 250 sm, hündürlüyü 30 m, yaşı 500 il olan 1, Hacılı kəndində diametri 350 sm, hündürlüyü 30 m, yaşı 700 il olan 1 və diametri 800 sm, hündürlüyü 45 m, yaşı 1600 il olan 6, Karxulu kəndində diametri 90 sm, hündürlüyü 25 m, yaşı 200 il olan 1, Funqalı kəndində diametri 450 sm, hündürlüyü 30 m, yaşı 900 il olan 1 və diametri 370 sm, hündürlüyü 30 m, yaşı 750 il olan 1, Horovlu kəndində diametri 400 sm, hündürlüyü 30 m, yaşı 800 il olan 1, Işıqlı kəndində diametri 400 sm, hündürlüyü 25 m, yaşı 800 il olan 1 ədəd Şərq çinarları qorunurdu.
Cəbrayıl rayonunda respublika və rayon əhəmiyyətli 120-dək tarixi memarlıq abidəsi, geniş sahələri əhatə edən qiymətli ağac növlərindən ibarət meşələr, böyük ehtiyata malik yeraltı sərvətlər, özünün qeyri-adi flora və faunası ilə seçilən Diridağın özünəməxsus əsrarəngiz təbiət guşələri, mineral maddələrlə zəngin su mənbələri erməni işğalçıları tərəfindən dağıdılmış və məhv edilmişdir.
Karxulu kəndindəki yaşıllıqlardan əsər-əlamət qalmamış, yol kənarlarında olan qoz və digər qiymətli ağaclar, eləcə də Cəbrayıl şəhərindəki 800 il yaşı olan və təbiət abidəsi kimi qorunan çinar ağacı kəsilib məhv edilibdir. Araz çayı vadisindəki bütün ağaclar yandırılıb, həmçinin, çoxyaşlı iri diametrli qoz ağacları material kimi doğranaraq müxtəlif məqsədlər üçün Ermənistana daşınır və xaricə satılır.
23 avqust 1993-cü ildə ümumi sahəsi 139393 hektar olan rayonun qərb hissəsindən (50 kənd) 125368 hektar ərazi ermənilər tərəfindən zəbt edilib
Həmin gün ümumi sahəsi 139393 hektar olan Füzuli rayonunun qərb hissəsindən (50 kənd) 125368 hektar ərazi ermənilər tərəfindən zəbt edilib. Füzuli rayonunun işğalı ilə Azərbaycan iqtisadiyyatına 5, 5 milyard manat ziyan vurulub.
Hələ sovet dövründə Füzuli rayonunda üzümçülük, taxılçılıq, hevandarlıq, baramaçılıq inkişaf etmiş kənd təsərrüfatı sahələrindən sayılıb. Məsələn, təkcə 2006-cı ildə Füzulinin işğal altında olmayan 500 kv.km-lik ərazisində 25601 ton taxıl, 12800 ton şəkər çuğunduru, 10000 ton tərəvəz, 782 ton meyvə istehsal edib. 2004-2007 ci illərdə Füzuli rayonundan olan 887 nəfər daimi işlə, 1900 nəfər isə mövsümi işlə təmin olunub.Füzuli rayonunda ümumi ehtiyatları 58858 min m3 olan və mişar daşı istehsalına yararlı istismar olunan 2 (Dövlətyarlı, Dilağar) əhəngdaşı; kərpic-kirəmit istehsalına yararlı 11211 min m3 ehtiyatlara malik Kürdmahmudlu gil; ehtiyatları 13053 min kub m. olan Quruçay qum-çınqıl qarışığı yataqları vardır.
Özünəməxsus təbiəti olan Füzuli rayonunun İşıqlı kəndində diametri 250 sm, hündürlüyü 25 m, yaşı 500 il və diametri 450 sm, hündürlüyü 25 m, yaşı 900 il olan 2, Böyük Bəhmənli kəndinin İranla sərhəd ərazisində diametri 100 sm, hündürlüyü 20 m, yaşı 200 il olan 1, Seyidəhmədli kəndinin “İbə piri” adlanan sahəsində diametri 520 sm, hündürlüyü 30 m, yaşı 1400 il və diametri 250 sm, hündürlüyü 25 m, yaşı 550 il olan 2, Mandılı kəndində diametri 180 sm, hündürlüyü 45 m, yaşı 400 il 1 və diametri 150 sm, hündürlüyü 40 m, yaşı 300 il olan 5 ədəd Şərq çinarları təbiət abidəsi kimi pasportlaşdırılıb və işğaladək mühafizə olunub.
1960-80-ci illərdə Füzuli rayonunun dağlıq və dağətəyi sahələrində hidrogeoloji axtarış zamanı ərazidə yayılmış dördüncü, təbaşir və yura dövrü sulu komplekslərinin, eləcə də ərazidən keçən çayların məcraaltı sularının ehtiyatı 193 min m3/gün həcmində hesablanmışdır.Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “İşğal olunmuş Azərbaycan ərazilərində ətraf mühitə və təbii sərvətlərə dağıdıcı təsiri müəyyənləşdirən (izləyən) operativ mərkəz”i işğaldan sonrakı dövrlərdə rayon ərazisində təbii sərvətlərin ermənilər tərəfindən dağıdılmasına dair aşağıdakı faktları aşkarlayıb: Geniş meşə massivləri ilə örtülü olan Dövlətkarlı kəndində ağaclar bütünlüklə qırılıb.
Qoçəhmədli kənd yolu boyunca ağaclar kütləvi şəkildə məhv edilib. Yağlıvənd kəndində kəndarası yolun sağ və sol tərəfindəki böyük yaşıllıqlar tamamilə qırılıb. Ərgünəş meşəsində 500 hektar ərazi yandırılıb. Füzuli rayonunun işğalı ilə 10-15-ci əsrlərə aid 25 tarixi abidə işğal altında qalıb. Əhalisinin sayı 108500 nəfər olan Füzuli rayonundan olan məcburi köçkünlər ölkənin 50 şəhər və 1250 kəndində məskunlaşıb. Məcburi halda müvəqqəti olaraq müxtəlif yerlərdə məskunlaşan məcburi köçkünlər doğma torpaqlara qayıdacağı günü səbirsizliklə gözləyir.
DOSTLARINLA PAYLAŞ: