Fukusima ətrafındakı radiasiya zonası iki dəfə artıb
31 Mart 2011 Cümə Axşamı 11:20
Radioaktiv bulud isə genişlənməkdə davam edir
Beynəlxalq Atom Enerjisi Agentliyi Yaponiyanın Fukusima nüvə kompleksi ətrafında radiasiya səviyyəsinin təhlükəsiz həddi keçdiyini iddia edir. MAQATE-nin hesabatına görə, yüksək radiasiya səviyyəsi stansiyadan 20 kilometr məsafədə evakuasiya zonasından uzaqda da qeydə alınıb. Yaponiya hökuməti isə qəzalı vəziyyətdə olan atom-elektrik stansiyası ətrafında evakuasiya zonasını genişləndirmək fikrində deyil. Nazirlər kabinetinin katibi Yukio Edano bildirib ki, AES-in yaxınlığında yerləşən İtate kəndində qeydə alınan göstəricilər təsadüfi qeydə alınan rəqəmlərdir.

'MAQATE-nin torpaqda qeydə aldığı normadan yüksək radiasiya səviyyəsi yalnız uzun müddət ərzində qaldıqda sağlamlıq üçün təhlükəli ola bilər. Ərazidə radiasiya səviyyəsinin həddən yüksək olub-olmadığını yoxlamaq üçün monitorinqi gücləndirməyə hazırlaşırıq. Məhz bu monitorinqin əsasında ətraflı təhlil aparılmalı və müvafiq tədbirlər görülməlidir.'- Yukio Edano belə deyib.

'Fukusima-1' atom-elektrik stansiyasında yüksək temperaturun müşahidə edildiyi reaktorların soyudulması davam etdirilir. Operativ heyət radioaktiv maddələrin sızmasına yol verməməyə çalışır.

Stansiya ərazisində dəniz suyunda radioaktiv yodun isə normadan 4000 dəfə artıq olduğu aşkar edilib. Bu, tarix boyu ən yüksək göstəricidir. Mütəxəssislər hesab edirlər ki, bu, stansiyadan radioaktiv maddələrin sızmağa davam edəcəyinin göstəricisidir.

Qeyd edək ki, 'Fukusima-1' AES-dən yayılan radiasiya buludu artıq Çinə də çatıb. Çin hökuməti radioaktiv maddələrin ölkənin bir çox əyalətlərində yayıldığını bildirib. Xüsusilə Çinin sıx məskunlaşmış şərq və cənub regionlarında radiasiya aşkar edilib, lakin bunun insanlar üçün təhlükəli olmadığı bildirilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar