"Fukusima-1" AES-i haqqında qorxunc faktlar
27 May 2011 Cümə 12:49
"Fukusima-1" qəzası "Çernobıl" qəzası ilə eyniləşdirildi
Yaponiyada "Fukusima-1" atom-elektrik stansiyasının operatoru TEPCO şirkəti stansiyada yeni araşdırmalar aparır. Araşdırma stansiyada yüksək radioaktiv su hovuzundan sızmanın olub-olmamasını aydınlaşdırmaq məqsədilə aparılır. Buna isə atom-elektrik stansiyasının 3-cü reaktorunda 20 saat ərzində radioaktiv suyun səviyyəsinin təxminən 5 santimetr aşağı düşməsinin aşkarlanması əsas verib. Bu isə hovuzdan 57 ton radioaktiv suyun sızması deməkdir. TEPCO şirkətinin rəhbərliyi stansiya yaxınlığında suda radioaktivliyin artmasının müşahidə olunmadığını, lakin 3-cü reaktorda işin müvəqqəti olaraq dayandırılmasının istisna edilmədiyini bildirib. AES-də bərpa işləri çərçivəsində stansiyada yığılıb qalmış 85 min ton radioaktiv suyun sovrulması lazımdır.
Bu arada, "Fukusima-1" atom-elektrik stansiyasında baş vermiş qəza ilə bağlı yeni faktlar ortaya çıxıb. 11 martda baş verən sunamidən 2 ay yarım müddət keçdikdən sonra TEPCO şirkətinin mütəxəssisləri dünya alimlərinin narahatlığını təsdiqləyiblər. Şirkət, əsasən, dağıdıcı zəlzələdən sonrakı ilk sutkalarda AES-in 1-ci və 2-ci reaktorlarının xarici divarlarında diametri 7-10 santimetr olan dəliklərin yarandığını etiraf edib. Bu dəliklərdən uzun müddət yüksək radioaktiv buxar və su sızması baş verib.
Bu arada, Yaponiyanın Nüvə Enerjisi Komissiyası ilk dəfə rəsmi olaraq "Fukusima-1" qəzasını "Çernobıl AES" qəzası ilə müqayisə edib. Komissiyanın bəyanatına görə, "Fukusima-1" atom-elektrik stansiyası yaxınlığındakı bir neçə rayonda torpağın radioaktiv maddələrlə çirklənməsi 'Çernobıl' qəzasından sonrakı göstəricilərlə müqayisə edilə bilər. Qeyd edək ki, daha öncə MAQATE və Yaponiya rəhbərliyi bu cür bənzətmənin yersiz olduğunu bəyan etmişdilər.
Fransanın Radiasiyadan Mühafizə və Nüvə Təhlükəsizliyi İnstitutu isə "Fukusima-1" atom-elektrik stansiyası yaxınlığından hələ 70 min sakinin də evakuasiyasına ehtiyacın olduğunu bəyan edib. Burada söhbət evakuasiya üçün təyin olunmuş 20 kilometrlik ərazi çərçivəsindən kənarda yaşayan əhalidən gedir.
DOSTLARINLA PAYLAŞ: