Əsir və girovların taleyi ilə bağlı danışıqlar davam etdirilir
07 Mart 2011 Bazar Ertəsi 23:21
BQXK nümayəndəsi danışıqların məxfi olmasını əsas gətirərək hazırda işlərin hansı səviyyədə olduğunu açıqlamayıb
Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin martın 5-də baş tutan Soci görüşündə dövlət başcılarının qısa müddətdə hərbi əsirlərin dəyişdirilməsi prosesinin başa çatdırılmasına dair razılığa gəlməsi bu sahədə irəliləyişə yol aca bilər. Beynəlxalq Qızıl Xaç Komitəsi də bu işdə vasitəcilik etməyə hazırdır.
Azərbaycan Milli Ordusunun əsgəri Rafiq Həsənov artıq 2 il 5 ay, kiçik çavuşu Anar Hacıyev isə 1 il 10 aydır ki, Ermənistanda əsirlik həyatı yaşayır. Yaxınları onların vətənə qayıtmalarını səbirsizliklə gözləyir.
Beynəlxalq Qızıl Xaç Komitəsinin Bakı ofisinin yayım şöbəsinin rəhbəri İlahə Hüseynova Azərbaycan və Ermənistan dövlət başçılarının ötən il oktyabrın 27-də Həştərxanda hərbi əsirlərin qaytarılması ilə bağlı qəbul etdikləri bəyanatın nəticələrinin bu sahədə müsbət irəliləyiş yaratdığını desə də, hələ də hər iki tərəfdə əsir və girovların olduğunu diqqətə çatdırdı. Onun sözlərinə görə, Ermənistanda hazırda 2 azərbaycanlı hərbi əsir var: “Azərbaycanda isə 3 hərbi əsir və 6 nəfər mülkü şəxs saxlanılır ki, bunların da 5 nəfəri bir ailənin üzvüdür”.
Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndəsi sonuncu dəfə azərbaycanlı hərbi əsirlərə mart ayının 3-də baş çəkdiklərini və onlara öz ailələrindən xəbər çatdırdıqlarını bildirdi. Onun sözlərinə görə, əsir və girovların taleyi ilə bağlı danışıqlar davam etdirilir: “Beynəlxalq Qızıl Xaç Komitəsi vasitəçilik etməyə həmişə hazırdır. Sadəcə bunun üçün bir tərəf razılıq verməlidir ki, onları qaytarsın, digər tərəf isə onları qəbul etsin. Əlbəttə ki, saxlanılan şəxslər öz arzularını bildirməlidir ki, onlar qayıtmaq istəyir. Bu halda Qızıl Xaç Komitəsi vasitəçilik edir”.
İ. Hüseynova danışıqlar prosesinin məxfi olmasını əsas gətirərək hazırda bu istiqamətdə işlərin hansı səviyyədə olduğunu açıqlamaq istəmədi.
Xatırladaq ki, Anar Hacıyev 2009-cu ilin may ayının 10-da, Rafiq Həsənov isə 2008-ci il oktyabr ayının 8-də ermənilərə əsir düşüb.
DOSTLARINLA PAYLAŞ: