Ermənistan hərbçilərinin hücum cəhdinin qarşısı alınıb
19 İyun 2010 Şənbə 18:35
Ermənistan hərbçilərinin hücum cəhdinin qarşısı alınıb. Ordumuzun bir əsgəri şəhid olub.
Bu gecə Ermənistan ordusu cəbhənin dörd istiqamətində mövqelərimizə doğru hücuma keçib. Nəticədə Azərbaycan Silahlı Qüvvələrinin bir hərbi qulluqçusu Ermənistan hərbçilərinin hücum cəhdinin qarşısını alan zaman qəhrəmanlıqla şəhid olub.
Ümumilikdə qarşı tərəf cəbhə xəttində yerləşən 4 rayonun 7 kəndini 5 saata qədər atəş altında saxlayıb. Qarşı tərəfin ilk hücum cəhdi Tərtərin Çaylı kəndi istiqamətində olub və nəticədə Azərbaycan Silahlı Qüvvələrinin hərbçisi, əslən Biləsuvar rayonundan olan Mübariz Ağakərim oğlu İbrahimov şəhid olub.
Səhər saat 06.00 radələrində isə Ağdamın işğal altındakı Yusifcanlı kəndindən Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli, Mirzəhaqverdilər kəndləri və bu kəndlərin yaşayış məntəqələri ərazisindəki mövqelərimiz intensiv atəşə məruz qalıb. Döyüş mövqeləri ilə yanaşı atılan güllələr kəndlərdəki evlərə və orta məktəb binasına da dəyib.
Ağcabədi rayon İcra Hakimiyyəti başçısının müavini Rövşən Əhmədov ermənilərin həmişə bu kəndi atəşə tutuduqlarını bildirib: ”Adətən atəş nəticəsində mal-qara tələf olurdu, ancaq son illərdə bu qədər böyük atışma olmamışdı”.
Qeyd edək ki, cəbhə xəttində baş vermiş hadisə ilə bağlı Müdafiə Nazirliyi açıqlama yayıb. Nazirliyin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu bəyan edib ki, həqiqətən, həmin istiqamətdə gecə saat 24.00 radələrində atışma baş verib və döyüş xeyli davam edib.
“Ümumiyyətlə, bu cür atışmalar son zamanlar tez-tez olur. Bu dəfə də erməni silahlı birləşmələri ağır itki verərək geri çəkiliblər. Bizdə olan dəqiq məlumata görə, onlar etiraf etdiklərindən daha çox itki veriblər”,-deyə Eldar Sabiroğlu bildirib.
Eldar Sabiroğlunun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlardan, yeniləşmiş Madrid prinsiplərindən qaçmaq üçün Ermənistan atəşkəs rejimini pozmaqla özü-özünü tələyə saldı ki, bu da yalnız və yalnız onların növbəti təxribatı kimi qiymətləndirilməlidir:”Ancaq bu yol deyil. Təcavüzkar Ermənistan birdəfəlik başa düşməlidir ki, işğal etdikləri ərazilərdən dinc şəkildə geri çəkilməsə və yaxud hər-hansı bu səpkili təxribatlara əl atsa, daha ağır zərbələr ala bilər. Azərbaycan Silahlı Qüvvələrinin buna kifayət qədər imkanı var”.
Bu arada işğalçı Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan cəbhə xəttində baş verən hadisəni Bakının danışıqlar prosesini pozmaq cəhdi kimi qiymətləndirib. Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın dediklərinə münasibət bildirən Azərbaycanın xarici işlər nazirliyinin mətbuat xidmətinin rəhbəri Elxan Poluxov isə ANS-ə müsahibəsində bildirib ki, Dağlıq Qarabağ bölgəsində istənilən qarşıdurma göstərir ki, Azərbaycan heç vaxt öz ərazilərinin işğalı faktı ilə barışmayacaq.
Cənab Poluxov deyib ki, müharibədən qaçmaq üçün kifayət qədər sadə imkanlar var ki, bu da danışıqlar masasında əyləşib, yenilənmiş Madrid prinsipləri əsasında danışıqları davam etdirməkdir: ”Bu fakt bir daha nümayiş etdirir ki, Ermənistan-Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsi erməni tərəfinin düşünmək istədiyi kimi heç də dondurulmuş münaqişə deyil”.
Xatırladaq ki, ötən gün Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində atışma olub. Ermənistan kütləvi informasiya vasitələrinin verdiyi məlumata görə, iyunun 18-də saat 23.30 radələrində Tərtərin Çaylı kəndi istiqamətində baş verən atışmada erməni tərəfi ciddi itki verib. Atışma nəticəsində 4 erməni hərbçi öldürülüb, 4-ü isə yaralanıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: