Ermənilər iddia edir ki, əsgərin cəsədi onlarda deyil
15 İyul 2010 Cümə Axşamı 15:10
Müdafiə Nazirliyi Ermənistan tərəfinin Qızıl Xaç Komitəsinin sorğusuna cavabını açıqlayıb.
"Ermənilər Qızıl Xaç Komitəsinin sorğusuna cavab olaraq bildirirlər ki, gizir Mübariz İbrahimovun cəsədi nə Ermənistanda, nə də Dağlıq Qarabağda yoxdur". Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik-leytenant Eldar Sabiroğlunun bu gün yaydığı açıqlamada belə deyilir. Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə daxil olan açıqlamanı olduğu kimi təqdim edirik:
"Gizir Mübariz İbrahimovla bağlı Ermənistanın yeni bəhanələri üzə cıxır. Az əvvəl iddia irəli sürürdülər ki, guya Azərbaycanın rəsmi müraciəti olmadığına görə hər hansı konkret addım atmaqda cətinlik cəkirlər. Beynəlxalq humanitar prinsipləri tapdalayan bu hiyləgər münasibətə Azərbaycan Müdafiə Nazirliyi vaxtında öz mövqeyini bildirib.
Sınaqdan keçirilmiş konkret təcrübə göz qabağındadır. Dəfələrlə atışmalar zamanı meyitlərin qarşı tərəflərdə qaldığı hallar olub. Belə vəziyyətlərdə beynəlxalq təşkilatların, xüsusi ilə Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə danışıqlar aparılıb və qısa müddətdə cəsədlər qaytarılıb. Görəsən, indiki bu istisnalığın arxasında gizlənən nədir? Bütün bunlara baxmayaraq gizir İbrahimovun meyitinin geri alınması üçün səylərimizi usanmadan davam etdirəcəyik.
Təəssüflə qeyd edirik ki, hələlik Beynəlxalq Qızıl Xaç Komitəsinin təşəbbüsləri də bir nəticə vermir. Hazırda Ermənistan digər başqa bir uydurma ilə çıxış edir. Ermənilər Qızıl Xaç Komitəsinin sorğusuna cavab olaraq bildirirlər ki, gizir M. İbrahimovun cəsədi nə Ermənistanda, nə də Dağlıq Qarabağda yoxdur. O zaman sual meydana çıxır: elə isə atışmanın səhəri gün Ermənistanın dövlət rəhbərliyi də daxil olmaqla həmin ölkənin müdafiə və xarici işlər nazirliklərinin Mübariz İbrahimovun cəsədinin silah- sursatla birlikdə qarşı tərəfdə qaldığı barədə verdikləri bəyanatlar nə məqsəd güdürdü? Yaxud rəsmi müraciət deyə səs-küy qoparmaqla nəyə işarə vururdular? Əslində ortada müəmmalı bir şey yoxdur. Yenə də ənənəvi milli bir keyfiyyətin nümayiş etdirilməsinin şahidi oluruq. Onlar indi də meyiti gizlətmək yolunu tutublar. Bu da heç bir bəşəri və insani normalarla bir çərçivəyə sığmır. Ancaq Müdafiə Nazirliyi Beynəlxalq Qızıl Xaç Komitəsinin son nəticəyə qədər öz missiyasını davam etdirəcəyinə inanır. Əks təqdirdə bununla gələcəkdə yeni bir presidentin təməli qoyula bilər ki, bunun da məsuliyyəti birbaşa Ermənistanın üzərinə düşür". ANSPRESS
DOSTLARINLA PAYLAŞ: