Ermənilər Azərbaycanın Qazax rayonunda qəbiristanlığı dağıdıblar
08 Yanvar 2010 Cümə 17:15
Qazax rayonunun işğal altındakı Qızılhacılı kəndinin qəbiristanlığı ermənilər tərəfindən dağıdılıb.
Bu barədə APA-ya Qazax rayon Polis Şöbəsinin rəis müavini Ədalət Sadıqov məlumat verib. Onun sözlərinə görə, sözügedən kənd erməni işğalı altında olsa da, qəbiristanlıq işğal edilməyib. “Kənd qəbiristanlıq bizim nəzarətimiz altındadır. Həmin kəndin sakinləri rəhmətə gedən yaxınlarını da orada dəfn edirlər. Yanvarın 7-dən 8-ə keçən gecə kənd qəbiristanlığı naməlum şəxslər tərəfindən dağıdılıb, 30-dan çox məzarın baş daşı sındırılıb”.

Rəis müavini vandalizmi ermənilərin törətdiyinə şübhə etmədiklərini söyləyib.

Ə. Sadıqov faktla bağlı araşdırmaların davam etdirildiyini sözlərinə əlavə edib.

“Qazax rayonunun işğal altındakı Qızılhacılı kəndində nə baş verdiyini araşdırırıq. Bu barədə indidən konkret fikir söyləmək olmaz. Kənd qəbiristanlığında nə baş verdiyini, hadisəni kimin törətdiyini araşdırmalardan sonra açıqlayacağıq”. Bu sözləri isə APA-ya açıqlamasında Qazax rayon İcra Hakimiyyətinin başçısı Rauf Hüseynov deyib. İcra başçısı bildirib ki, dəlil-sübutlar dəqiqliklə yoxlanılmadan nəsə demək tezdir. Onun sözlərinə görə, Qızılhacılı kəndi 1992-ci ilin mayın 11-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub: “Ermənilər bu kəndi işğal etdikdən sonra yandırıblar. Qəbiristanlıq isə kəndin kənarından keçən magistral yolun yaxınlığındadır”.

R. Hüseynov atəşkəs rejiminin ermənilər tərəfindən mütəmadi pozulduğunu da diqqətə çatdırıb. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar