Ermənilər Azərbaycan Ordusunun mövqelərinə doğru mərmi atıblar
18 Dekabr 2010 Şənbə 13:50
Mərmi Tərtərin Borsunlu kəndinə düşərək partlayıb
Ötün gün saat 21:15 radələrində ermənilər Azərbaycanın işğal altında olan Tərtər rayonunun Talış kəndindəki mpvqelərindən Azərbaycan Ordusunun Borsunlu kəndindəki mövqelərinə artilleriya mərmisi atıblar. ANS PRESS-in Qarabağ bürosunun məlumatına görə, mərmi əkin sahəsinə düşüb.
Kənd sakini Hüseyn Əsgərov bildirib ki, sakinlər 2 dəfə güclü partlayış səsi eşidib. "Bir atılanda bir də düşəndə eşitdik. Bütün evlər silkələndi. Elə bil ki, raket idi, uğultu oldu, sonra da partladı".
Sakinlərin sözlərinə görə, ermənilər Azərbaycan Ordusunun mövqelərini nişan alıb və hədəfdən yayınan mərmi təmas xəttindən təqribən 4 km arxada Tərtərin Borsunlu kəndinin ərazisində yerə düşüb və güclü partlayış baş verib. Partlayış səsi Tərtər və Goranboy rayonları ərazisində də aydın eşidilib.
Partlayışın baş verdiyi ərazidə sahəsi altmış kvadratmerə qədər olan bir metr dərinliyində çala əmələ gəlib. Şahidlər mərminin ermənilərin nəzarətində olan ərazilərdən atıldığını da aydın müşahidə edib.
Çəkiliş qrupu ermənilərin nəzarətində olan ərazidə, təmas xəttinin bir neçə km gerisindəki dağlarda meşə zolaqlarının yandığını da müşahidə edib. Sakinlər yanğının 4 gündür davam etdiyini bildiriblər.
"Bir neçə gündür ki, meşələrimiz yanır. Orada nadir ağaclarımız var", deyə kənd sakini Vaqif Qədimov bildirib.
Qeyd edək ki, artıq ərazidə ön xəttə xidmət edən Şuşa rayon polis şöbəsinin və hərbi hissənin əməkdaşları araşdırmalara başlayıb. Mərminin hansı silaha məxsus olduğu və nə məqsədlə atıldığı barədə də araşdırma başa çatdıqdan sonra məlumat veriləcək.
DOSTLARINLA PAYLAŞ: