Erməni snayperi daha bir hərbçimizi nişan alıb
24 Mart 2011 Cümə Axşamı 10:33
Elnur Məmmədov Tərtər istiqamətində şəhid olub
Bayram günlərində Azərbayacan Ordusunu daha bir əsgərini itirib. Cəbhənin Tərtər istiqamətində Elnur Mübariz oğlu Məmmədov şəhid olub. Füzuli rayonundan məcburi köçkün olan 1991-ci il təvəllüdlü Elnur 2010-ci ilin yanvar ayında hərbi xidmətə çağrılıb. O da snayperlə vurulub.
Elnur Məmmədovun erməni silahlıları tərəfindən vurulması faktını Müdafiə Nazirliyinin nisbətən gec təsdiqləməsi şəhid ailəsinin narahatlığına səbəb olub.
Şəhidin anası Bahar Əliyevanın sözlərinə görə, 20 yaşlı oğlu Elnurun ömrünün bahar çağında dünyasını dəyişməsindən çox, onun ölümünün səbəblərinə aydınlıq gətirilməməsindən narahatdır. Ana iddia edir ki, oğlu səngərdə, döyüş zamanı düşmən snayperinin gülləsinə tuş gəlib.
E.Məmmədovun yaxın qohumu Beyrək Məmmədov Vətən uğrunda ölən əsgəri 200 manat verib dəfn etdiklərini bildirib. “Nə hərbi komissarlıqdan, nə də icra hakimiyyətindən gəliblər. Güllə iki qaşının ortasından dəyib beyinin arxasından çıxıb. Müdafiə Nazirliyi deyir olmayıb. Necə olmayıb? 21 mart saat 19-20 radələrində baş verib. Hərbi komissarlıq da qəbul edir”.
Elnurun yaxınları iddia edir ki, Tərtər rayonundakı hərbi hissə baş verən hadisəni təsdiqləyib. Onların dediyinə görə, hərbi hissədən ailəyə atəşkəsin pozulması nəticəsində 1 nəfər əsgərin şəhid olduğu bildirilib. Müdafiə Nazirliyi isə məlumatı təsdiqləmir. Martın 22-də isə Elnurun meyiti və ölum kağızı ailəsinə verilib.
Elnurun ölüm kağızında onun başını dəlib keçən güllə yarası, beyin qapağının dağılması, kəllə qapağının çoxqəlpəli sınığı nəticəsində dünyasını dəyişdiyi göstərilir. Ailə üzvlərinin bildirdiyinə görə, hərbi xidmətdə olduğu müddətdə oğullarının əsgər yoldaşlarından və ya hərbi hissədəki komandirlərindən heç bir narazılığı olmayıb və heç şübhəsiz ki, Elnura dəyən güllə düşmən snayperindən çıxıb. Məhz buna görə də onlar Elnur Məmmədovun şəhid kimi tanınmasını tələb edirlər.
Şəhidimizin ailəsinin narahatlıqlarına aydınlıq gətirmək üçün ANS olaraq Müdafiə Nazirliyi ilə əlaqə saxladıq və nazirlik martın 21-də Tərtər rayonu istiqamətində atəşkəsin pozulması nəticəsində 20 yaşlı Məmmədov Elnur Mübariz oğlunun şəhid olması faktını təsdiqlədi.
Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində atəşkəsi pozması nəticəsində bayram günlərində Azərbaycan Ordusunun daha bir hərbçisi şəhid olub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev bildirib.
1986-cı il təvəllüdlü Samir Hidayət oğlu Ağayev Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi yaxınlığında erməni hərbçilərinin açdığı atəş nəticəsində həlak olub.
Allah şəhidlərə rəhmət eləsin!
DOSTLARINLA PAYLAŞ: