Əri tərəfindən vəhşicəsinə döyülən gəlin ölüb
22 Aprel 2011 Cümə 10:06
Gülnarə ərinin hərəktləri barədə şikayət etmək üçün polisə getsə də şöbənin qapısında halı pisləşərək xəstəxanaya aparılıb.
Abşeron rayonu Xırdalan şəhərində ölüm hadisəsi baş verib. 1979-cu il təvəllüdlü Namazova Gülnarə Şamil qızı anasının yaşadığı mənzildə dünyasını dəyişib. Mərhumun qohumları Gülnarənin öz əcəli ilə yox, həyat yoldaşı Rövşən Rüstəmov tərəfindən döyülərək öldürüldüyünü iddia edir.
Qeyd edək ki, Gülnarə Namazova 1997-ci ildə dayısı oğlu Rövşənlə ailə həyatı quraraq Şəmkir rayonunun Əlibayramlı kəndinə gəlin köçüb. Qohumların sözlərinə görə, bu illər ərzində ərlə-arvad arasında dəfələrlə dava-dalaş olub. Sonuncu dəfə bu ilin aprel ayının 14-də Gülnarə Şəmkirdən anasına zəng edərək vəziyyətinin ağır olduğunu bildirib. Anası Simuzər Bağırova qızını Bakıya çağırıb: “O gün zəng elədi ki, mama özünü çatdır ölürəm. Dedim nə olub yenə dalaşmısınız. Dedi yox bir az qrip olmuşam. Sonra dedi hə dalaşmışıq. Gedə bilmədim imkan olmadı. Dedim özün gəl. 6-cı gün gəldi. Ağır vəziyyətdə gəldi ölüm halındaydı. Bədən hər yeri göy döyülü döyülü idi”.
Gülnarə əri tərəfindən döyüldüyünü qardaşı Ehtiram Namazovla telefon vasitəsilə danışan zaman da deyib. Mərhumə qaynanası ilə baldızının onu yerə yıxdığını, ərinin isə çarpayıdan tutaraq onun üstündə atılıb düşdüyünü deyib. Bundan sonra isə Ehtiram Şəmkir rayonunda yaşayan qohumu Mətləb Pənahovdan bacısını Bakıya gətirməsini xahiş edib.
Gülnarə Namazova 16 aprel 2011-ci il tarixdə 10 yaşlı qızı Gülcanla birlikdə anasının Xırdalan şəhərində yerləşən mənzilinə gəlib və bundan 5 gün sonra Gülnarə Namazova dünyasını dəyişib.
Gülnarə dünyasını dəyişməzdən əvvəl Abşeron rayon polis şöbəsinə gedərək ərinin hərəkətləri barədə şikayət ərizəsi yazmaq istəyib. Bu məqsədlə o polisə də gedib amma şöbəyə çatan zaman halı pisləşən Gülnarə xəstəxanaya çatdırılıb. Gülnarə Namazovanın ölüm səbəblərini isə Abşeron rayon prokurorluğunun müstəntiqi Mehman Xankişiyev araşdırır. Müstəntiqin verdiyi məlumata görə həlilik Gülnarənin hansı səbəbdən dünyasını dəyişdiyi məlum deyil. Mehman Xankişiyev bildirdi ki, meyid daxili və xarici müayindən keçirilib və ekspertizanın rəyindən sonra Namazovanın ölüm səbəblərinə aydınlıq gətiriləcək.
ANSPRESS
DOSTLARINLA PAYLAŞ: