Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 3 əməkdaşı həbs edilib
05 Yanvar 2012 Cümə Axşamı 13:57
Onlar korrupsiyada ittiham olunurlar.
Baş Prokurorluq Azərbaycanda korrupsiya hallarına qarşı mübarizə tədbirləri ilə bağlı yeni məlumatlar açıqlayıb. Məlumata görə, Tovuz rayon sakini Cəfər Yusifovun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 28 saylı Tibbi Sosial Ekspert Komissiyasının sədri Rəhim Məmmədovun 2-ci qrup əlillik dərəcəsinin verilməsi üçün ondan 1.000 manat məbləğində rüşvət tələb etməsi barədə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin "161 - Qaynar xətt" əlaqə mərkəzinə etdiyi müraciəti əsasında toplanmış material üzrə cinayət işi başlanıb.
İstintaqla müəyyən edilib ki, Rəhim Məmmədov həmin komissiyanın həkim ekspert-cərrahı Əli Həsənovla qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək xidməti vəzifələrinin icrası ilə əlaqədar Cəfər Yusifova 2-ci qrup əlillik dərəcəsinin təyin edilməsinin müqabilində 1.000 manat məbləğində rüşvət alıb.
Törətdikləri cinayət əməllərinə görə Rəhim Məmmədov və Əli Həsənova qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət almağa görə cinayət məsuliyyəti nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1-ci maddəsi ilə ittiham elan olunaraq barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib və cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Bundan başqa, qeyd edilən nazirliyin 11 saylı Tibbi Sosial Ekspert Komissiyasının sədri Vahid Gülmalıyevin qanunsuz hərəkətləri barədə toplanmış material üzrə də cinayət işi başlanıb. İstintaqla müəyyən edilib ki, Vahid Gülmalıyev 2-ci qrup əlil Fərəcov Talıb Fərəc oğlunun xeyrinə qərar qəbul etmək, yəni onun təkrar müayinədən keçirilib 2-ci qrup əlillik dərəcəsinin təyin olunması üçün 4 oktyabr 2011-ci il tarixdə 500 manat məbləğində pul tələb edib, ertəsi gün 11 saylı TSEK-in binasında, komissiya üzvlərinin xidməti otağında maddi nemət olan 400 manat məbləğdə pulu rüşvət kimi alıb.
Törətdiyi cinayət əməlinə görə Vahid Gülmalıyevə rüşvət almağa görə cinayət məsuliyyəti nəzərdə tutan Cinayət Məcəlləsinin 311.1-ci maddəsi ilə ittiham elan olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib və cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Digər bir cinayət işi külli miqdarda ziyan vurmaqla dələduzluq və vəzifə saxtakarlığı faktlarına görə başlanıb. Belə ki, Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində aparılmış araşdırmalarla müəyyən edilib ki, Cəlilabad rayon hüquq məsləhətxanasının müdiri Xandadaş Əliyev 2005-2010-cu illər ərzində Yaqub Əhmədov və qeyrilərini cinayət və mülki işlər üzrə istintaq və məhkəmə orqanlarında təqsirləndirilən şəxslərin məsuliyyətdən azad edilməsi, onların vəziyyətinin yüngülləşdirilməsi və ya tərəflərin xeyrinə hər hansı qərarların çıxarılması barədə yalan vədlər verməklə aldatma yolu ilə onlardan müxtəlif məbləğlərdə pul vəsaitini alaraq ələ keçirib.
Fakta görə Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb və törətdiyi cinayət əməllərinə görə Xandadaş Əliyev həmin maddələrlə təqsirləndirilən şəxs qismində cəlb edilib. Cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
DOSTLARINLA PAYLAŞ: