Əmək Müfəttişliyinin rəis müavini rüşvətə görə həbs olundu
20 Fevral 2012 Bazar Ertəsi 17:06
Teyyub Dəmirov mağaza sahibindən 1500 manat rüşvət tələb edib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi xidmətinin 1 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin rəis müavini rüşvətə görə həbs olunub. Bu barədə APA-ya Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Məlumatda bildirilir ki, vətəndaş Ağayev Əlifağa Dədəkişi oğlu Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin “161 Qaynar xətt” əlaqə mərkəzinə müraciət edərək, Xəzər rayonunda fəaliyyət göstərən özünə məxsus “Halal ərzaq” mağazasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi xidmətinin 1 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin vəzifəli şəxsləri tərəfindən aparılmış yoxlama zamanı əmək və əməyin mühafizəsi üzrə müəyyən edilmiş pozuntularla bağlı tərtib olunan protokola uyğun olaraq inzibati xəta ilə əlaqədar cərimənin tətbiq olunmaması üçün, həmin müfəttişliyin rəis müavini Dəmirov Teyyub Umud oğlunun ondan 1 500 manat rüşvət tələb etdiyini bildirib.
Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində T. Dəmirov 18 fevral 2012-ci il tarixdə xidməti otağında Ə. Ağayevdən 1 500 manatı rüşvət kimi alarkən Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin əməkdaşları tərəfindən cinayət başında tutulub. T. Dəmirov həmin pulları prokurorluq əməkdaşlarına təqdim edib, pullar hal şahidlərinin iştirakı ilə götürülərək rəsmiləşdirilib.
Həmin fakta görə başlanmış cinayət işi üzrə Teyyub Dəmirov Cinayət Məcəlləsinin rüşvət almaya görə məsuliyyət nəzərdə tutan 311.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, hazırda qeyd edilən cinayət işləri üzrə ibtidai istintaq davam etdirilir.
DOSTLARINLA PAYLAŞ: