Elmar Piriyev torpağa tapşırıldı
04 İyun 2011 Şənbə 21:24
Cəbhənin Ağdam istiqamətində ermənilərin qətlə yetirdiyi çoban Elmar Piriyev bu gün Ağcabədi rayonunun Yuxarı Qiyamadınlı kəndində dəfn edilib.
Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqlar intensivləşdikcə, təmas xəttindən snayperlərin geri çəkilməsinə dair qərara əməl edilməsinə dair çağırışlar artdıqca, əsgərlərimiz və dinc sakinlərimizin snayperlə öldürülməsi də buna müvafiq artır. Ermənilər 3 ay ərzində 2-ci dinc sakinimizi snayperlə öldürüblər. Ötən gün erməni snayperinə tuş gəlmiş dinc sakin Yelmar Piriyev bu gün dəfn olunub.

Ötən gün cəbhənin Ağdam istiqamətində ermənilərin qətlə yetirdiyi Elmar Piriyev bu gün Ağcabədi rayonunun Yuxarı Qiyamadınlı kəndində torpağa tapşırılıb. Elmar Piriyev bir neçə ildir Ağdamın Çəmənli kəndi ərazisindəki fermalardan birində çobanlıq edirdi. Oğlu Alim Pirievin sözlərinə görə, həmin ərazidə ermənilər əkin və otlaq sahələrinə çıxan sakinləri mütəmadi atəşə tutur və atışma zamanı da əsasən snayperlərdən istifadə edən qarşı tərəf konkret hədəfləri nişan alır.

Mərhumun oğlu deyir ki, gördüm heyvanlar gəlir, amma o yox idi: "Getdim görüm hardadı, amma gördüm ki, artıq keçinib. Bir az sürünmüşdü, sonra keçinmişdi”.

A. Piriyevin sözlərinə görə, axşam saat 19:00-da atışma olub: “Atışma olandan sonra, qoyunlar gəldi, bizim yerimizə girdi. Sonra mən gedib baxdım ki, atam yoxdur. Heyvandan 20-30 metr aralıda keçinib, bir neçə metr sürünüb keçinib”.

İlkin məlumata görə, Elmar Piriyev Ağdamınin işğal altındakı Qaraağaclı kəndindən açılan atəş nəticəsində vurulub. E. Piriyev Ağdamın Çəmənli kəndi ərazisində erməni mövqelərindən 800-1000 m aralıda vurulub. Hadisə zamanı o ərazidə tək olub. Buna görə də mərhumun qanitirmədən dünyasını dəyişdiyi ehtimal olunur”.

Bu gün Ağdam rayon Prokurorluğunun əməkdaşları həm hadisə yerində, həm də mərhumun meyiti üzərində müayinə aparıb. Onun bədənindəki güllə çıxarılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 120.1 maddəsi ilə cinayət işi açılıb.

Ağdam rayon prokurorunun köməkçisi Pərviz Nərimanov isə deyir ki, meyitin üzərində müayinə aparılıb və 1 ədəd güllə çıxarılıb.

Qeyd edək ki, Elmar Piriyev 3 ay ərzində ermənilərin qətlə yetirdiyi 2-ci dinc sakindir. Ümumilikdə bu ilin ilk 5 ayında ermənilərin açdığı atəş nəticəsində 6 hərbi qulluqçumuz və 2 mülki şəxs öldürülüb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar