DYP əməkdaşını öldürən şəxs 13 il cəza aldı
25 Dekabr 2009 Cümə 17:00
Rasim Məmmədov Elçin İsmayılovu mübahisə zəminində döyərək öldürüb
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə yol polisini öldürməkdə təqsirləndirilən Kəlbəcər rayon sakininə hökm oxunub. ANS PRESS-in məlumatına görə, hakim Ələkbər Quliyevin sədrlik etdiyi məhkəmənin hökmü ilə Rasim Məmmədov 13 il müddətinə azadlıqdan məhrum edilib. R.Məmmədov Azərbaycan Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4-cü (xuliqanlıq niyyəti ilə xüsusi amansızlıqla adam öldürmə), 221-ci (xuliqanlıq) maddələri ilə ittiham olunur.
İttihama görə, Rasim Məmmədov bu il iyunun 1-də Bakı-Quba yolunun 90-cı km-də, Siyəzən rayonu ərazisindəki Xıdır Zində Pirinin yaxınlığında Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşı, polis baş çavuş Elçin İsmayılovu mübahisə zəminində döyərək qətlə yetirib. Belə ki, 28 yaşlı Rasim Məmmədov idarə etdiyi "Opel Vectra" markalı maşınla Bakı-Quba yolunda yüksək sürətlə hərəkət etdiyi üçün yol polisi tərəfindən saxlanılıb. Maşında sürücünün həyat yoldaşı və uşağı olub. Yol polisi ilə "razılıq" əldə ediləndən sonra R.Məmmədov yoluna davam edib.
Növbəsi bitən mərhum polis əməkdaşı Elçin İsmayılov da onunla birgə Bakıya gəlmək üçün maşına əyləşib. Siyəzən rayonu ərazisində Xıdır Zində Pirinin yaxınlığında sürücü ilə polis əməkdaşı arasında mübahisə baş verib. Nəticədə Rasim Məmmədov Elçin İsmayılova çoxsaylı zərbələr endirərək onu qətlə yetirib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: