Dünən Astarada qətl törədən iki nəfər saxlanılıb
25 Dekabr 2010 Şənbə 11:45
Onlar Fərid Məmmədov adlı şəxsin qətlində ittiham olunurlar
Ötən gün Astarada qətl hadisəsi törətməkdə şübhəli bilinən iki nəfər saxlanılıb. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumta görə, bunlar 1987-ci il təvəllüdlü Ceyhun Firudun oğlu Feyziyev və onun qardaşı 1980-cı il təvəllüdlü Fəqan Feyziyevdir.
Hadisə dünən axşam saat 17:00 radələrində baş verib. Astara şəhərinin Veteranlar Evinin yaxınlığında törədilən hadisədə Ceyhun və Fəqan Feyziyev bir araya gələrək aralarında yaranan münaqişə zamanı şəhərin S.Vurğun küçəsində 1984-cü il təvəllüdlü Fərid Feyruz oğlu Məmmədova bıçaqla ağır bədən xəsarətləri yetiriblər.
Yaralı Astara rayon mərkəzi xəstəxanasına çatdırılarkən keçinib. Meyit daxili və xarici müayinə olunmaq üçün Astara rayon məhkəmə tibbi ekspertiza və pataloji anatomiya birliyinə verilib. Məhkəmə tibbi eksperti İqrar İmamverdiyevin sözlərinə görə, meyitin bədənində üzərində daxilə keçən döş boşluğunun sol yarısının kəsilmiş-deşilmiş yarası olub. Müayinə zamanı ürəyin zədələnməsi aydınlaşdırılıb.
Qeyd edək ki, qardaşlardan Ceyhun Feyziyevin vurduğu 1 bıçaq yarası öldürücü olub. Artıq faktla bağlı Astara rayon Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1 (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb. Qətli törətməkdə təqsirli bilinən Ceyhun Feyziyev rayon hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Astara rayon Prokurorunun səlahiyyətlərini icra edən Ramiz Nəbiyevin ANS PRESS-in bölgə müxbirinə verdiyi məlumata görə, qətl hadisəsi şəxsi münasibətlər zəminində başlanan münaqişə nəticəsində yaranıb. Hazırda istintaq qətlin baş verməsinin dəqiq təfərrüatlarını araşdırır.
DOSTLARINLA PAYLAŞ: