Dövlətə xəyanət və casusluğa görə 12 nəfər ifşa edilib
28 Mart 2011 Bazar Ertəsi 20:52
Terrorçuluğa görə 29 nəfər cinayət məsuliyyətinə cəlb olunub
“Azərbaycanın əlverişli geosiyasi mövqeyi, iqtisadi və tranzit potensialı, eləcə də digər müsbət amillər xarici xüsusi xidmət orqanları və kriminal elementləri üçün cəzbedici görünür. Milli Təhlükəsizlik Nazirliyinin kəşfiyyat, əks-kəşfiyyat və hərbi əks-kəşfiyyat sahəsi üzrə fəaliyyətində bu amillərə xüsusi fikir verilir”. MTN-nin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bu barədə milli təhlükəsizlik naziri Edar Mahmudov Azərbaycanın təhlükəizlik orqanlarının yaranmasının 92-ci ildönümü münasibətilə keçirilən mərasimdə çıxışı zamanı söyləyib. O qeyd edib ki, vaxtında görülmüş tədbirlər sayəsində xarici xüsusi xidmət orqanlarının və digər subyektlərin kəşfiyyat-pozuculuq və terror-təxribat fəaliyyətinin qabaqlanması və ifşa edilməsi istiqamətində işlər uğurla davam etdirilib. Əks-kəşfiyyat və hərbi əks-kəşfiyyat tədbirləri nəticəsində dövlətə xəyanətə və casusluğa görə 12 nəfər ifşa olunub.

Milli Təhlükəsizlik Nazirliyinin çox mühüm bir fəaliyyət istiqamətini terrorçuluğa qarşı mübarizə təşkil etdiyini bildirən nazir Eldar Mahmudov, 2010-cu ildən hazırkı dövrədək antiterror xətti ilə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 9 cinayət işinin başlandığını, 29 nəfərin cinayət məsuliyyətinə cəlb olunduğunu qeyd edib.

Nazir Eldar Mahmudov korrupsiya probleminə ayrıca toxunaraq bildirib ki, bu, Azərbaycan Prezidentini və cəmiyyətini narahat edən bir məsələdir. Ötən dövr ərzində korrupsiya faktları üzrə ümumən 8 cinayət işi başlanıb, 12 nəfər məsuliyyətə cəlb olunub.

“Nazirliyin funksional vəzifələri arasında informasiya təhlükəsizliyinin təmini xüsusi önəm daşıyır. İnformasiya texnologiyaları sahəsində cinayətlərlə, o cümlədən kibercinayətkarlıqla mübarizə sahəsində fəaliyyətin müasir tələblərə uyğun qurulmasına ciddi fikir verilir. Təcrübə göstərir ki, açıq qaynaqlar bir sıra ölkələrdə sabitliyin total surətdə pozulması üçün vasitə rolunu oynayır. Xüsusən təbii sərvətlərlə zəngin, həssas dini mühiti və çoxmillətli olan ölkələr hədəfə alınır. Təsir altına yetkin siyasi şüura malik olmayan gənclər düşür. Bu vəziyyətdən xarici qüvvələr, həm də daxildəki müəyyən ünsürlər faydalanmağa çalışırlar. Transmilli mütəşəkkil cinayətkarlıqla mübarizə üzrə keçirilən səmərəli əməliyyat-axtarış tədbirləri nəticəsində ötən dövr ərzində ümumən 24 cinayət işi başlanıb, 44 nəfər cinayət məsuliyyətinə cəlb olunub”, - deyə Eldar Mahmudov vurğulayıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar