Dövlətə xəyanət edən əsgərə 13 il iş verildi
06 İyul 2010 Çərşənbə Axşamı 18:10
Dövlətə xəyanət edən əsgər cəbhə bölgəsində düşmənlə təmasa girib.
İyulun 6-da Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə dövlətə xəyanətdə və bir sıra ağır cinayətlərdə təqsirləndirilən Azərbaycan Ordusunun hərbi qulluqçusunun cinayət işi üzrə qapalı məhkəmə prosesi başa çatıb. Məhkəmədən ANS PRESS-ə verilən məlumata görə, hakimin hökmü ilə Murad Rəşidov 13 il müddətinə azadlıqdan məhrum edilib. İttihama görə, 20 yaşlı Zaqatala rayonu Car kənd sakini Murad Yusif oğlu Rəşidov Müdafiə Nazirliyinin Ağcabədi rayonu ərazisində yerləşən hərbi hissədə xidmət etdiyi zaman düşmənlə təmasa girərək, Azərbaycanın dövlət təhlükəsizliyinə xələl gətirən hərəkətlər edib. Bununla yanaşı M. Rəşidov xidməti istifadəsində olan avtomat silahdan atdığı güllə ilə hərbçi yoldaşına xəsarət yetirib.
2009-cu ilin fevralın 7-də M.Rəşidov barəsində həbs-qətimkan tədbiri seçilib. O, AR CM-nin 274-cü (dövlətə xəyanət), 134-cü (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə), 232.1-ci (odlu silahı, onun komplekt hissələrini, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama, yaxud hədə-qorxu ilə tələb etmə) və 338.1-ci ( Azərbaycan Respublikasına qəfil hücumun vaxtında aşkara çıxarılması və dəf olunması üzrə, yaxud onun təhlükəsizliyinin təmin edilməsi üzrə döyüş növbəsi (döyüş xidməti) çəkmə qaydalarını pozma, əgər bu əməllər dövlətin təhlükəsizlik mənafelərinə zərər vura bilərdisə) maddələri ilə ittiham olunub.
Qeyd edək ki, təqsirləndirilən şəxs ifadəsində özünü qismən təqsirli bilib və məhkəmədən bunu nəzərə almasını istəyib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: